Naxçıvanda dövlət qulluqçuları and içdi

SİYASƏT
10:39 / 13.06.2020
1068

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqədə müvəffəqiyyət qazanmış dövlət qulluqçularının andiçmə mərasimi olub.

HİT.Az xəbər verir ki, mərasimdə Komissiyanın sədri İsmayıl Qəribli andiçmənin Milli Qurutuluş Günü ərəfəsində keçirildiyini qeyd edib.

Bildirib ki, ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Muxtar respublikada bütün sahələr kimi, dövlət qulluğu sahəsi də hərtərəfli qayğı ilə əhatə olunub, müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi yaradılıb.

Muxtar respublikada dövlət qulluğunun səmərəli təşkili və idarə olunması məsələlərindən də danışan İsmayıl Qəribli qeyd edib ki, hazırda muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının 40 faizi komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanan, müasir dünyagörüşə malik, savadlı, bacarıqlı, qanunvericilik və informasiya texnologiyaları üzrə bilikləri, habelə məntiqi düşüncə qabiliyyəti olan dövlət qulluqçularıdır.

Müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında işə başlayan namizədlər təntənəli surətdə and içiblər.

Sonra dövlət qulluqçuları andın mətnini imzalayıblar.

Qeyd edək ki, müsahibə mərhələsində müvəffəqiyyət qazanan 64 namizəd vakant vəzifələrə təyin olunub. Onlardan ilk dəfə dövlət qulluğuna qəbul edilən 59 nəfər andiçmə mərasimində iştirak edib.

 

0