Buna aydınlıq gətirilməlidir - Baş redaktordan Operativ Qərargaha etiraz

12:57 / 16.06.2020
1773

“Operativ Qərargah sərt karantin rejiminin qüvvədə olduğu günlərdə nə üçün yalnız telekanal əməkdaşlarının fəaliyyətinə icazə verildiyinə aydınlıq gətirməlidir”.

HİT.Az xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın jurnalistlərə münasibətdə sərgilədiyi ayrıseçkiliyə etiraz edən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Facebook" hesabında yazıb. 

Baş redaktor həftəsonu sərt karantin rejimində jurnalistlərin kateqoriyalara bölünməsinin yolverilməz olduğunu bildirib:

“Əgər belə bir qərarın verilməsində populyarlıq əsas götürülübsə, o zaman bir neçə internet saytının əməkdaşlarına, sosial şəbəkələrdə, xüsusilə də “YouTube”, “Facebook” və “Instagram”da bir neçə yüz minlik səhifələri olan şəxslərə hər kəsdən öncə peşə fəaliyyəti ilə məşğul olmağa icazə verilməliydi. Jurnalistləri kateqoriyaya bölmək ənənəsi Azərbaycanda çoxdan var və bunun yükünü uzun müddət mənimlə çiyin-çiyinə çalışan həmkarlarımla birlikdə çəkmişik.

Əgər telekanallar Operativ Qərargah üçün bu qədər üstün mövqedə dayanırlarsa, o zaman buyursunlar, qərarlarını yalnız bu kütləvi informasiya vasitələrində yayımlasınlar, maarifləndirmə işini də məhz onların araçılığı ilə həyata keçirsinlər. Şəxsən mən hansı kütləvi informasiya vasitəsində çalışmasından asılı olmayaraq, bütün peşəkar həmkarlarımı JURNALİST kateqoriyasına aid edirəm!

Düşünürəm ki, qarşıdakı günlərdə yenidən sərt karantin rejimi tətbiq ediləcəksə, o zaman televiziyalar üçün tətbiq edilən qaydada bütün kütləvi informasiya vasitələrinin fəaliyyətinə icazə verilməli və heç bir məntiqi izahı olmayan bu “fərqləndirmə”yə son qoyulmalıdır”.

 

0