Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev həm bahalı hədiyyə verməyi, həm də qəbul etməyi sevir.
Hit.Az xəbər verir ki, belə bir iddia ilə AFN-ə məlumat verən mənbə A.Fərzəliyevin digər əməllərindən də danışıb. Bildirilir ki, icra başçısı prezidentin sabiq köməkçisi, ötən ilin oktyabrında prezident sərəncamı ilə vəzifədən azad edilən Əli Həsənova da mülklər hədiyyə edib.
Belə ki, mənbənin verdiyi məlumata görə, şəhid Samir Xasıyev adına parkda (keçmiş Montin parkı) 20 sot ərazidə 4 mərtəbəli villa Abidin Fərzeliyev tərəfindən tikilib tam təmir edilərək Ə.Həsənova bağışlanıb: “Məsələn, Nərimanov rayonunda Əhməd Rəcəbli 29 ünvanında 4 min kv metr sahəni əhatə edən 5 mərtəbəli bina (hansı ki, iki mərtəbəsi “Mayomed medikal” tibb mərkəzinə icarəyə verilib, qalan 3 mərtəbəsində isə Həsənovların ailə şirkəti olan “Kaspi kids”, “Kaspi poliqlot” və “Kaspi abituriyent” yerləşir) da Fərzəliyev tərəfindən Həsənovlara hədiyyə edilib. Heydər Əliyev mərkəzinin yaxınlığında, Heydər Əliyev prospektində yerləşən və prezident İlham Əliyevin sərəncamı ilə dövlət vəsaiti hesabına inşa edilən binalarda ümumi sahəsi 400 kvadratmetrdən artıq olan 3 mənzili də alaraq sabiq köməkçiyə hədiyyə edib. Onun Əli Həsənova bağışladığı daha bir obyekt elə həmin ünvanda 1-ci mərtəbədə yerləşən sahəsi 300 kv/metr olan qeyri-yaşayış sahəsidir”.
Nəinki Nərimanov rayonunun, hətta paytaxtın ən elit və bahalı yerlərindən sayılan “Erməni qəbisranlığı” adlanan ərazidə də A.Fərzəliyevin çox sayda obyektlərinin olduğunu bildirən mənbənin sözlərinə görə, həmin obyektlər özəl şirkətlərə icarəyə verilməklə başçının sərvətini artırır: “Eyni zamanda sözügedən ərazidə tikilən çoxsaylı binalar həddəna artıq baha qiymətə satılıb. Bildirim ki, 50 hektar ərazisi olan “Erməni qəbirsanlığı” adlanan ərazinin 5 hektarında park salınıb. Lakin böyük dövlət vəsaitləri hesabına salınan park hazırda baxımsızlıqdan məhv olmaq təhlükəsi ilə üz-üzədir. Qalan ərazi isə sotu 250-300 min olmaqla sahibkarlara satılıb. 15 il əzində 1200 sahibkara 500 obyektin torpağını satan icra başçısının təkcə “Erməni qəbirsanlığı”ndan qazandığı gəlir milyarddan artıqdır”.
“Nərimanov RİH-də adi (?) vəzifədə işləyən Nurlan Həsənov bütün bu işlərində A.Fərzəliyevə kömək etməklə yanaşı, həm də başçının şərikidir” deyə mənbə qeyd edir: “Bu cütlüyün təkcə “Erməni qəbiristanlığı”nda onlarla obyektləri var”.
Qeyd edilənlərlə bağlı Nərimanov RİH-in mövqeyini almaq istəsək də, qurumun rəsmi e-mail ünvanına göndərdiyimiz sorğuya cavab verilmədi.