9 Mayda Azərbaycanın payı: Faşizm necə davam edir? (TƏHLİL)

SİYASƏT
15:02 / 09.05.2020
1726

9 May nasist Almaniyası üzərində qələbənin ildönümüdür. Pandemiya olmasaydı, bu gün Moskvada Qızıl Meydanda böyük parad və təntənəli mərasim keçiriləcəkdi.

Nasist Almaniyasına qarşı qələbə yalnız bir dövləti, bir xalqı deyil, dünyanın əksər ölkələrini, o cümlədən, Böyük Britaniya, Fransa, ABŞ-ı birləşmişdi. Bu cəbhədə Azərbaycan xalqı da təmsil olunub.

Almaniyanın paytaxtı Berlinə hücum 1945-ci il aprelin 16-da Sovet ordusu tərəfindən başladılıb. Berlini şərqdən və cənub-şərqdən mühasirəyə alan bir milyondan çox sovet hərbi qüvvələrinə ümumi komandanlığı marşal Jukov edirdi. Bu, dünya hərb tarixinin ən böyük hücum ordusu hesab olunur.

Hitler Berlini tərk etməkdən imtina edir və aprelin 20-də 56 yaşında son dəfə əsgərlər qarşısına çıxır, Berlinin müdafiəçilərinə medallar paylayır. Üç gün sonra isə Berlin sovet orduları tərəfindən mühasirəyə alınır.

Bir həftə sonra – aprelin 30-da Hitler, rəsmi məlumata əsasən, intihar edir. Berlin mayın 2-də təslim olur. Ümumilikdə hərbi əməliyyatlar Almaniyanın digər bölgələrində mayın 8-dək davam edir. Mayın 9-da isə alman ordusu komandanlığı təslim aktını imzalayır.

Berlinin alınmasında ön sırada azərbaycanlılardan təşkil olunmuş 416-cı Taqanroq diviziyası iştirak edib. Ümumilikdə 128 Azərbaycan vətəndaşı (42-si milliyyətcə azərbaycanlı) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Müharibənin qələbə ilə başa çatmasında yalnız cəbhədəki azərbaycanlılar deyil, eyni zamanda, arxa cəbhədəki xalq da böyük əmək sərf edib, qəhrəmanlıq göstərib.

Sovet ordusunun yanacaq təminatının 70 faizdən çoxunu Azərbaycan nefti təmin edib. Həmin vaxt Bakı dünyanın azsaylı neft mərkəzlərindən biri idi. Təsadüfi deyil ki, Bakını məhz neftə görə ilk dəfə müttəfiq dövlətləri bombalamaq, daha sonra isə nasist Almaniyası ələ keçirmək planı hazırlamışdı.

Hansı tərəfdən baxsan, bu müharibədə Azərbaycanın rolu danılmazdır. Bu barədə Sovet ordu komandanlarından Jukov, Rokossovski və digərlərinin məktubları, yazıları mövcuddur. Baxmayaraq ki, bu rolu inkar etmək istəyən, azaltmağa çalışanlar olub və hələ də var.

İkinci Dünya Müharibəsi ilə bağlı mübahisəli mövzulardan biri də faşizmə münasibətdir. Zaman keçdikcə, xüsusən də SSRİ-nin dağılmasından sonra faşizmə münasibət Stalin repressiyaları ilə müqayisə olunmağa və bir çox hallarda Stalin hakimiyyətinin daha qəddar (azərbaycanlılara qarşı) olması arqumenti gətirilir, ya da ən pis halda bu müharibə iki qəddar dövlət arasında müharibə kimi təqdim olunur və burada azərbaycanlıların, sadəcə, məcburi iştirakı olması fikri qabardılır.

Əlbəttə, müharibə və qələbə bizə işğalı və repressiyaları unutdura bilməz. Ancaq tarix tarixdir. Faşizmi müdafiə edən fikirlərin tirajlanması bir çox aspektdən zərərli və yanlışdır.

Birincisi, nasizm insanlıq üçün təhlükəli bir ideologiyadır. İnsanlara qarşı irqi ayrı-seçkiliyi dövlət siyasəti elan edən, digər xalqları kölə olaraq görən bir düşüncənin təbliği və müdafiəsi mütərəqqi xalq üçün yolverilməzdir. Bütün mütərəqqi dünya nasizmə qarşı birləşib və bu cəbhədə Azərbaycan da iştirak edib.

İkinci mühüm məqam sırf Azərbaycanla bağlıdır. Nasist Almaniyasının Azərbaycanla bağlı planı konkret olaraq işğal və kölələşdirmə olub. Hitler komandasının hazırladığı “Şərq” planı Azərbaycanı müstəmləkə kimi görürdü. Bu, tarixi sənədlərlə sübuta yetirilib. Bu planda, ümumiyyətlə, Azərbaycana müstəqilliyin verilməsi yer almayıb. Nasistlərin guya azərbaycanlılara hörmət etməsi, müstəqillik verəcəyi ilə bağlı yalanlar çoxdan təkzib olunub.

Bunun əksinə, faşizmin müdafiəsi Azərbaycan xalqının əldə etdiyi uğurların tarixi mirasından imtina etməsi, böyük savaş və mübarizə təcrübəsinin unudulması mənasına gələ bilər.

Unutmaq olmaz ki, Azərbaycan xalqı İkinci Dünya Müharibəsindən çox sonra ədalətsiz müharibəyə və amansız soyqırımına məruz qalıb. Bu cinayətləri törədənlər isə indi faşizmi müdafiə edən Ermənistan olub.

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə bu məsələyə toxunub, faşizmi və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini pisləyib. Bəzi ölkələrdə faşizmin qəhrəmanlaşdırılması prosesinin qəbuledilməz olduğunu bildirib.

Buna misal olaraq Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırıldığını, konkret olaraq bir neçə il əvvəl Ermənistanda faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana altı metr hündürlüyündə heykəl qoyulduğunu bildirib. Məhz Azərbaycan tərəfinin rəsmi tribunalardan səsləndirdiyi bəyanatlardan sonra Rusiyada Njdenin lövhəsi sökülüb.

Xocalıda dinc əhaliyə qarşı soyqırımı törədən şəxslərin dövlət rəhbərliyinə yüksəldiyi Ermənistanda faşist cəlladına abidə qoyulması bir-birini tamamlayan detallardır. Ermənilər üçün bütün dəyərlərdən üstün olan etnik amil, yəni ermənilikdir. Bu mənada, faşizm də eyni görüşə sahibdir.

Bizim üçün isə 9 May mütərəqqi bəşəriyyətlə eyni cəbhədə ağır şərtlərlə də olsa, qazanılmış qələbədir. Bu təntənəli tarixdən imtina etməyə, onu kiçik görməyə haqqımız yoxdur. Ən azı bu savaşda vuruşub qəhrəmanlıq göstərən həmvətənlərimizin xatirinə.

0
Oxu.az