Müxalifət lideri Prezident Adminstrasiyasında: “Bunun vaxtı çoxdan çatıb”

SİYASƏT
11:17 / 27.04.2020
2058

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Azad Demokratlar Partiyasının (ADP) sədri Sülhəddin Əkbər arasında görüş olub. 

Hit.Az xəbər verir ki, bu barədə Yenisabah.az-a Sülhəddin Əkbər məlumat verib. Onun sözlərinə görə, ikilikdə keçən görüş gözləniləndən daha uzun çəkib. Görüşdə müzakirə olunan məsələlərə gəlincə, ADP sədri bildirib ki, bu ilk görüş idi və daha çox tanışlıq məqsədi daşıyırdı.

“Həm Ədalət Vəliyev, həm də mən müzakirə olunan məsələlərlə bağlı fikirlərimizi açıq şəkildə bildirdik. Ədalət Vəliyev ölkənin siyasi rəhbərliyinin təşəbbüsü ilə başladılan yeni siyasət haqqında ətraflı məlumat verdi. Mən də soruşdum ki, bu, kampaniya xarakteri daşıyır, yoxsa ortada siyasi iradə var, bu proses davamlı siyasətə çevriləcək? Birmənalı şəkildə bildirdi ki, bu, davamlı və dayanıqlı siyasət olacaq”, -deyə Sülhəddin Əkbər əlavə edib.

Partiya sədri qeyd edib ki, indidən görüşlə və qarşı tərəfin fikirləri ilə bağlı hansısa qiymətləndirməni erkən sayır. 

“Ehtiyatlı optimizmlə yanaşıb, inanmaq istəyirəm ki, həqiqətən davamlı və dayanıqlı siyasət olacaq. Çünki dünyada və regionda yaranmış vəziyyət, Azərbaycanın milli maraqları bunu tələb edir”, - deyə Sülhəddin Əkbər vurğulayıb.

Partiya sədri görüşdə siyasi məhbus probeminə xüsusi toxunduğunu, təkliflər səsləndirdiyini deyib. Lakin o, təfərrüatları açıqlamaq istəməyib: “Düşünürəm ki, detalların açıqlaması işin xeyrinə olmaya bilər. Siyasi məhbus problemi üzərində xüsusi dayandığım məsələdir. Prezident Administrasiyasının şöbə müdirinə də açıq şəkildə dedim ki, artıq Azərbaycanda bu problemə son qoyulmalıdır. Əgər iqtidar-müxalifət, iqtidar-cəmiyyət münasibətlərində həqiqətən qarşılıqlı inam yaradılması istənilirsə, bu məsələ köklü şəkildə həll olunmalıdır. Bunun vaxtı çoxdan çatıb”.

Sülhəddin Əkbər Azad Demokratlar Partiyasını 2014-cü ildə təsis edib. Partiyanın qeydiyyata alınması üçün dəfələrlə müraciət edib. Hətta məhkəməyə üz tutub. Azərbaycandakı bütün məhkəmə instansiyalarını keçdikdən sonra Avropa Məhkəməsinə müraciət edib.

Lakin Avropa Məhkəməsinin qərarını gözləməyə ehtiyac olmayıb. Aprelin 15-də partiya qeydiyyata alınıb. Sülhəddin Əkbərə bildirilib ki, artıq siyasi sistemin yeni konfiqurasiyasi yaradırılır. Müxalifətlə münasibətlər normallaşdırılır. Siyasi partiyalarla görüşlər, ADP-nin qeydiyyata alınması da prosesin tərkib hissəsidir.

0