30 konqresmenin Azərbaycan torpaqlarında TƏXRİBAT PLANI

SİYASƏT
20:04 / 24.06.2020
1450

ABŞ-da 30 konqresmen Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yardım ayrılması üçün Konqresə müraciət edib.

Publika.az xəbər verir ki, bu haqda məlumatı Amerika Erməni Milli Komitəsi (ANCA) yayıb.
Məlumata görə, Konqresin üzvü Bred Şerman Dağlıq Qarabağda minaların təmizlənməsinə kömək üçün ABŞ-ın 2021-ci il büdcəsində yardımın edilməsinin vacibliyi ilə bağlı yazılı müraciət yayımlayıb.

Müraciəti Adam Şiff, Raşid Tyeyb, Cim Xayms, Kerolin Melonu, Con Qaramendi, Cim Kosta, Devid Sisillin və digər ermənipərəst konqresmenlər imzalayıb. Ümumilikdə 30konqresmen Ermənistana və işğal altındakı Dağlıq Qarabağa maliyyə yardımının ayrılması kampaniyasına qoşulub.

Qeyd edək ki, hər il Konqres ABŞ-ın xarici köməyinin prioritetlərini müəyyən edir. ANCA-nın məlumatına görə, 2021-ci il üzrə prioritet istiqamətlər qarşıdakı iki həftədə müəyyən ediləcək.
Məlumata əsasən, konqresmenlər Qarabağda minaların təmizlənməsi üçün 1,5 milyon dollar vəsaitin ayrılmasını təklif edirlər. Maliyyə yardımı ayrılarsa, minaların təmizlənməsi işini ABŞ-ın HALO Trust şirkətinin həyata keçirəcəyi deyilir.

Konqresmenlər eyni zamanda ABŞ-ın 2019-cu ildə Azərbaycana 100 milyon dollar hərbi yardım ayırmasını əsas gətirərək, 2021-ci ildə eyni məbləğin Ermənistana da ayrılmasını istəyiblər.
 

0