6 ilə yaxındır Qarabağda girovluqda saxlanılan və həyatları pandemiya səbəbindən təhlükə altında olan Dilqəm Əsgərov və Şahbaz Quliyev hələdə koronavirus testindən keçirilməyib.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə koronavirus testi edilməsi üçün beynəlxalq təşkilatlara müraciət olunduğunu bildirmişdi.
O, ATƏT-in Minsk qrupunun həmsədrlərinə, aidiyyatı üzrə beynəlxalq təsisatlara, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinə girovlarımızın səhhəti ilə bağlı, o cümlədən COVİD-19-dan irəli gələn səhiyyə problemləri ilə bağlı Azərbaycan tərəfinin müraciətlərinin davamlı şəkildə edildiyini və bundan sonra da ediləcəyini qeyd etmişdi:
“Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı məsələ bilavasitə Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə həyata keçirilir. BQX-nin aidiyyatı yerli nümayəndəlikləri də bu prosesdə Azərbaycan Respublikasına dəstəkçi olur və müəyyən əlaqələndirməni, rabitəni həyata keçirirlər. Təbii ki, Azərbaycanın çağırışı da ondan ibarətdir ki, məhz COVİD-19 riskini, onun yaratdığı qlobal-humanitar fəlakəti nəzərə alaraq, humanist məramlardan çıxış edərək “hamının hamıya” prinsipi əsasında girovların dəyişdirilməsi həyata keçirilməlidir”.
Cebhe.info-ya bu barədə narahatlığını dilə gətirən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasından ən son aprelin 20-də xəbər aldığını deyib:
“Artıq 3 ildir ki, atamın nə fotosunu, nə də videogörüntüsünü bizə təqdim edirlər. Sonuncu dəfə aprel ayının 20 -si Beynəlxalq Qırmızı Xaç Komitəsi atamın yazdığı məktubu bizə təqdim edib. Təəssüflər olsun ki, virusla əlaqədar sərhədlər bağlı olduğundan Beynəlxalq Qırmızı Xaç Komitəsinin həkimi atamın səhhətini gedib yoxlaya bilmir. Həm atamın səhhətindəki problemlər, həm də onun saxlanıldığı ərazidə koronavirusun geniş yayılması nigaranlığımızı daha da artırıb. Atamın 60 yaşı var. Onsuz da 6 ildir ki, qanunsuz olaraq girovluqda saxlanılır, nə zaman azad olunacağını bilmirik. Digər tərəfdən də virusla bağlı durum...”
Kürdoğlu Əsgərov əlavə edib ki, bu yaxınlarda Beynəlxalq Qırmızı Xaç Komitəsi yeniden girovlara baş çəkəcək: “Yenə komitədən tələb edəcəyəm ki, atamın fotosunu və ya videogörüntüsünü gətirsinlər. Koronavirusla bağlı test edilməsini də tələb edəcəyik. İlk növbədə isə atamın azad olunacağı günü səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında iki azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.