İyunun 24-də Qələbə günü münasibətilə Moskvada keçirilən parada Rusiya telekanallarının maraqlı yanaşması diqqət çəkib. Verilən qiymət belə oldu: “Müharibə vəziyyətində olan ölkələri-Azərbaycan və Ermənistanı, Çin və Hindistan ordusunu Qızıl meydanda birləşdirdi”.
Musavat.com bu iddia ilə bağlı ekspertlərin mövqelərini alıb.
Deputat Arzu Nağıyev rus telekanallarının parada verdikləri qiymətlə razı deyil: “Düşünürəm ki, 24 iyunda keçirilən paradda hər ordunun öz yeri var idi. Sadəcə olaraq, öz aləmimdə fəxarət hissi keçirdim ki, Qızıl meydandan keçən Azərbaycan Ordusu öz məxsusi formasında, müstəqil bayrağımızla, eyni zamanda özümüzün müstəqil silahımızla həmin paradda iştirak etdi. Əsas məqam mənim üçün bundan ibarətdir. Bir daha İkinci Dünya müharibəsində iştirak edən Azərbaycan diviziyalarını yad etmək kimi yadda qaldı. Kim nə cür şərh verirsə versin, bu onun öz şəxsi fikridir. Orada kimin iştirak etməsi və ya iştirak etməməsi hərənin öz işidir.
Mənim üçün əsas olan yuxarıda qeyd etdiyim prinsiplərdir. Düşünmürəm ki, paradda nəyinsə birləşdirilməsindən söhbət gedə bilər. Özümüzün müstəqil siyasətimiz, hərbi doktrinamız var. Sadəcə olaraq, bir məclisdə, yaxud tədbirdə görüşmək məsələsi tam başqadır, birləşmə məsələsi isə tam başqa bir anlayışdır. Bu baxımdan düşünmürəm ki, hansısa birləşdirilmədən söhbət gedir”.
Sabiq dövlət müşaviri Qabil Hüseynli məsələyə bu cür şərh verdi: “Bu paradın təəccüblü tərəfləri çox idi. Birinci Dünya müharibəsinə dəxli olmayan bir ölkənin, yəni Hindistanın iştirak etməsi doğrudan da qeyri-adi, düşündürücü idi. Orada Azərbaycan və Ermənistan tərəfin müdafiə nazirləri səviyyəsində iştirakları diqqət çəkməyə bilməzdi. Rusiya yeri gələndə sovet dövründəki ortaq dəyərlərdən danışmağı sevir. Doğrudan da o dövrdə elə dəyərlər var idi ki, bu dəyərlər Sovet İttifaqına daxil olan xalqlar tərəfindən yaradılmışdı. Həmin dəyərlərin çoxu ümummilli dəyərlər səviyyəsinə qalxa bilmişdi. Bu da xalqları və millətləri birləşdirən ümumi bir əlamətə çevrilmişdi. Amma indi o dəyərlərdən əsər-əlamət qalmayıb. Məsələn, o zaman azərbaycanlılar sovet ordusunun sırasında digər xalqlarla birlikdə faşizmə qarşı fədakarlıqla döyüşürdülər. Bakı nefti bu qələbədə mühüm rol oynadı. Amma bizim şəhərə qəhrəman şəhər statusu verilmədi. Halbuki bu məsələ gündəmə gəlmişdi. Bu azmış kimi, müharibədən sonra erməniləri şirnikdirdilər və nəticədə torpaqlarımızın bir hissəsi Rusiyanın birbaşa dəstəyi ilə işğal olundu. Bizim üçün o da çətindir ki, Putin qələbə münasibətilə çıxışında sovet xalqının ümumi hədəflərə qarşı birgə vuruşmağından, çalışmağından danışdı, yəni sovet xalqı ifadəsi işlətdi. Azərbaycan və Ermənistan paradda iştirak etdi. Burada haqlı olaraq bir sual meydana çıxır ki, sırf Rusiyanın maraqlarından söhbət gedən məsələlərdə fəal iştirak edirik, onlara lazımi olan dəstəyi göstəririk. Amma Rusiya Azərbaycan üçün yaranmış indiki ciddi böhranın həllində bu cür fədakarlıq etmir. Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edilməsi hamıya faktdır. Əksər dünya dövlətləri bu faktı təsdiq edirlər, təcavüzkarı barmaqla göstərirlər. Amma Rusiya bu məsələni görməməzlikdən gəlir. Bu ölkə qələbənin sovet xalqlarının qardaşlığı, dostluğu nəticəsində əldə edildiyini deyir, amma bu qardaş və dostluğa zərbə vuran, hətta bu qardaşlardan birinin ərazilərini işğal edən dəyyusu, işğalçını nədənsə öz adı ilə çağırmağa sanki ehtiyatlı yanaşır, yaxud əl altından ona dəstək verir. İkinci Dünya müharibəsinə Azərbaycan qədər töhfə verən ikinci bir SSRİ ölkəsi yoxdur. Amma buna baxmayaraq, ölkəmiz bu müharibədə ciddi rol oynamayan bir cırtdan dövlətin təcavüzünə məruz qalıb. Çox təəssüf ki, bu təcavüzdə Rusiya da iştirak edib. Belə bir şəraitdə paradda səsləndirilən yardımlaşma, qardaşlıq, dostluq barəsindəki sözlərə inanmağımız bir qədər çətinləşir. Rusiya bu münaqişənin həllində hamıdan, hətta Avropa Birliyindən də çox fədakarlıq göstərməli, İkinci Dünya müharibəsində onlara verdiyimiz dəstəyin əvəzini qaytarmalıdırlar. O zaman Putinin paradda dedikləri praktikada öz təcəssümünü tapmış olar. Ən azından postsovet məkanına daxil olan ölkələr Rusiyanın yürütdüyü siyasətin düzgün olması barədə qənaətə gəlmiş olarlar”.