Xaricdən qayıdan işsizlər ordusu - hökumət nə etməlidir?

SİYASƏT
14:43 / 26.06.2020
1317

Azərbaycanda pandemiya ilə bağlı yaranmış vəziyyət səbəbindən bir çox biznes sahələrinə də ciddi ziyan dəydi. Bəzi müəssisələr fəaliyyətini dayandırdı, işsizlərin sayı artdı.

Bu durumun müvəqqəti olduğu deyilsə də, postpandemiya dövründə biznesin, real sektorun ayağa qalxması üçün nə qədər zaman və vəsait lazım olduğunu göz önündə saxlamaq zəruridir. Bu səbəbdən işsizlərin sayının artacağı istisna deyil. Digər tərəfdən, müxtəlif ölkələrdə yaşayan və işsiz qalan azərbaycanlılar da vətənə qayıtdı. Sonrakı dövrdə onların yenidən xaricə axın etməsi də gözlənilmir. İndiki halda onlar da ölkədəki işsizlər sırasına qatılıblar. Bəs görəsən, hökumət bu durumun daha ciddi hal almaması, sosial gərginliyə gətirib çıxarmaması üçün nə etməli, hansı addımlar, atmalıdır. Pandemiya və postpandemiya dövrü üçün ayrı-ayrılıqda hansı proqramlar işlənməlidir?

Mövzunu “Yeni Müsavat” üçün şərh edən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, hökumət indiki halda sosial layihələrdən başqa heç nə edə bilməz: “İndi faktiki olaraq, iqtisadiyyat resessiyaya daxil olub. Biznesin, özəl sektorun iş yaratmaq qabiliyyəti çox aşağı düşüb. Hökumət sadəcə bir neçə proqramın əhatə dairəsini genişləndirə bilər. Birincisi sosial iş layihəsidir ki, dövlət tərəfindən müəyyən iş yerləri yaradılmaqla qısamüddətli dövrdə vətəndaşların məşğulluğunu təmin edə bilər. Bu proqram çərçivəsində 50 min nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdu. Ancaq hesab edirəm ki, pandemiyanın davam etməsini nəzərə alaraq, həm müddət artırıla bilər, həm də miqyası böyüsün 100-150 min nəfərə qaldırılsın. Doğrudur, bu süni iş yerləridir, əlavə dəyər yaratmır, iqtisadiyyata bir qatqısı yoxdur. Amma əvəzində insanların ailə büdcəsinin gəlirlə təmin olunmasını dəstəkləyir”.

İqtisadçı onu da vurğuladı ki, birbaşa maliyyə proqramları da davam etməlidir: “190 manatlıq ödənişin yenidən verilməsi ilə bağlı qərar açıqlandı. Bu karantinin davam etdiyi bölgələr üçün nəzərdə tutulur. Eyni zamanda bu işsizlərin qeydiyyata alınması, müraciətlərin qəbulu da əvvəlki dövrlə müqayisədə yumşaldılmalıdır. İşsizliyə görə sığorta fondunun mexanizmi vasitəsilə verilən dəstəyin müddəti artırıla bilər. İşsizliyə görə sığorta məhdud bir müddətdə verilir. Bunun vaxtının uzadılması ilə bağlı da qərarlar qəbul edilməlidir. Dolayı yollarla insanların indiki şərtlər daxilində müəyyən qədər gəlir əldə etməsinə şərait yaratmaq lazımdır. Əhalinin sosial vəziyyətini dəstəkləmək lazımdır”.

R.Həsənovun sözlərinə görə, iş yerlərinin itirilməsinin qarşısını almaq məqsədilə bir sıra fəaliyyət sahələri diqqətə alınmalıdır: “Elə sahələr var ki, iqtisadi aktivliyin artırılması ilə bağlı qərarlardan belə təsirlənə bilmirlər. Turizm sahəsi tamamilə dayanıb, beynəxalq tədbirlərin təşkili sahəsi, bələdçilik sahəsi dayanıb. Bu sahələrə dövlət proqramı çərçivəsində iki aylıq müəyyən dəstək verildi. Həm mikrosahibkarlıq subyektlərinə, həm də əmək haqqı fonduna dəstək oldu. İki ay müddət bitdi, bu müəssisələr işləmirlər və bundan sonra da işləyə bilməyəcəklər. Nə qədər ki, ölkə sərhədləri bağlıdır, bu subyektlər də fəaliyyətsiz qalacaq. Müxtəlif sektorlara fərqli yanaşmalar ortaya qoyulmalıdır. Sektorlar fərqləndirilməli, hər sektorun fərqli xüsusiyyətləri nəzərə alınaraq, həmin istiqamətlərdə daha genişləndirilmiş dəstək proqramları həyata keçirilməlidir. Əks halda, işdən çıxarılanların sayı daha da artacaq. Bu özü də bir preventiv addım kimi, gələcəkdə qeyd olunan istiqamətlərdə işsizliklə bağlı vəziyyətin kritik həddə çatmasının qarşısını ala bilər”.

Rəşad Həsənov vurğuladı ki, postpandemiya dövründə iqtisadiyyatın canlanması və yeni iş yerlərinin açılması üçün bir çox istiqamətlərdə addımlar atılmalıdır: “Ümumiyyətlə, bu günə qədər iqtisadiyyatın idarəedilməsi ilə bağlı olan yanaşma kökündən dəyişməlidir. Milli iqtisadiyyat anlayışı aradan qalxmalı, iqtisadi mühit liberallaşmalı, vergi yükü aradan qaldırılmalı, məhkəmə sistemi tamamilə yenidən qurulmalı və mülkiyyət hüququnun qorunması ilə bağlı çox ciddi zəmanət verilməlidir. Xarici investorların ölkəyə gəlməsi üçün sonuncu çox vacib məqamdır. Digər tərəfdən, təşviq mexanizmləri təkmilləşdirilməli, müdaxilələr olmamalı, məmur biznesi və oliqarxiya tamamilə aradan qalxmalı, maliyyə amnistiyası verilməlidir. Bundan əlavə, ölkənin iqtisadi bloklara daxil olması ilə bağlı proses sürətlənməliı, Avropa Birliyi, Ümumdünya Ticarət Təşkilatına daxil olma prosesi başa çatmalıdır. Ölkə iqtisadiyyatı başdan-başa yenidən qurulmalıdır”.
 

0
Musavat.com