İyun ayında Ermənistan silahlı bölmələri atəşkəs rejimini 792 dəfə pozub.
HİT.Az xəbər verir ki, Ordu.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində əsasən snayper tüfəngləri və iriçaplı pulemyotlardan istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Tərtər, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri Ermənistan silahlı bölmələrinin atəşinə məruz qalıb.
Digər aylara nisbətən iyunda tamamilə nisbi sakitlik hökm sürüb və düşmən əsasən informasiya sahəsində təxribatlara əl atıb.
İyunun 4-də Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan "hayzinvor.am" saytında yerləşdirilmiş materialda Ermənistan Silahlı Qüvvələrinin Ermənistanın şimal-şərqində Azərbaycan Respublikası ilə dövlət sərhədində yeni döyüş mövqeyinin yaradılması qeyd edilib.
Bununla əlaqədar Dövlət Sərhəd Xidməti tərəfindən rəsmi olaraq yayılan məlumatda bildirildi ki, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədindən keçən təmas xəttində, Azərbaycan və Ermənistan döyüş mövqeləri arasında Ermənistan tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş mövqeyi əldə etməsi barədə məlumat həqiqətə tam ziddir.
Əksinə Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdudlaşdırılıb.
Ümumiyyətlə, ay ərzində bütün istiqamətlər üzrə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT" BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT" BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.