Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun mütəxəssisi, politoloq Armen Vardanyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycan-Ermənistan sərhədində gərginləşən münaqişəyə müdaxilə etməsinin mümkünlüyünü şərh edərkən deyib ki, Ermənistanın bu qurumdan kömək gözləməsi lazım deyil.
Virtualaz.org bildirir ki, bu barədə 1in.am saytı məlumat yayıb.
A.Vardanyan bildirib ki, Azərbaycanın KTMT-də müttəfiqləri daha çoxdur və bu, yeni xəbər deyil: “Belarus Prezidenti Aleksandr Lukaşenko bundan əvvəl açıq şəkildə bildirmişdi ki, Ermənistanla Azərbaycan arasında müharibə baş verərsə, Ermənistanı müdafiə etmək üçün qoşun göndərməyəcək. Qazaxıstan, qurumun digər üzvləri kimi, dəfələrlə KTMT və Avrasiya İqtisadi Birliyində Azərbaycanın maraqlarını müdafiə edib. Rusiya Azərbaycana silah satır, Qırğızıstan və Tacikistanın Ermənistanla müqayisədə Azərbaycanla daha çox tərəfdaşlığı var. ”
Məlum olduğu kimi, dünən KTMT-nin saytında Ermənistanın tələbi ilə KTMT Daimi Şurasının təcili iclasının çağırılması barədə məlumat yerləşdirilmişdi. Lakin sonra bu məlumat silindi və təşkilatın sözçüsü, tərəflər arasında məsləhətləşmələr səbəbilə görüşün qeyri-müəyyən müddətə təxirə salındığını söylədi.
Vardanyan güman edir ki, əvvəlcə Ermənistanın tələbi ilə KTMT xüsusi iclas çağırmağa çalışıb, lakin sonradan Azərbaycanın KTMT-dəki müttəfiqləri sayəsində tərəflər arasında bərabərlik nişanı qoyan konsensus qərarı verilib.
Erməni politoloq daha sonra deyib: "Müdafiəmizə gəldikdə, KTMT-dən heç vaxt ciddi gözləntilərimiz olmamalıdır. Yeganə müsbət fakt budur ki, KTMT üzvü kimi Ermənistan Rusiyadan silahları daxili qiymətlərlə ala bilər, amma təhlükəsizlik və müdafiə baxımından KTMT yararlı deyil. Ümumiyyətlə, bu qurum Ermənistanın və ya digər üzv dövlətlərin yox, Rusiyanın geosiyasi maraqlarına xidmət etmək üçün yaradılıb. Buna görə bizdə bu məsələdə illüziyalar olmamalıdır".