Bugünkü Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil - Deputat

SİYASƏT
20:00 / 15.07.2020
1143

“Ötən gecə minlərlə insan paytaxtımızın müxtəlif ərazilərində Azərbaycan ordusuna, onun Ali Baş Komandana, dövlətə dəstəyini ifadə edərək əllərində Azərbaycan bayrağı, ölkəmizin himnini oxuyaraq “Qarabağ!”, “Orduya dəstək!” “Ali Baş Komandan, silah ver bizə!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndiriblər. Bu onu göstərir ki, Azərbaycan xalqının döyüş ruhu yüksəkdir. Xalq-ordu vəhdəti sarsılmazdır”.

HİT.Az xəbər verir ki, bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Sabir Hacıyev deyib.

Deputat dünən parlamentə edilən hücumlara da münasibət bildirib:

“Əvvəla, xalq dövlət başçısının siyasətini dəstəkləyir. Bununla belə, bir qrup insan vəziyyətdən başqa məqsədlər üçün yararlanmağa çalışıb. Bu cür halları “düşmən dəyirmanına su tökmək” kimi dəyərləndirirəm. Hazırda sərhəddə hərbi əməliyyatlar gedir. Bir qrup şəxs isə Bakının küçələrində iğtişaş yaratmağa cəhd edir, Milli Məclisin binasına girərək vandallıq törədir, polislərə qarşı zor tətbiq edirlər. Əslində dünən gecə bir qrup şəxs tərəfindən baş verənlər 1990-cı illəri xatırlatdı. O zamanlar ölkədə anarxiya, özbaşınalıq və xaos hökm sürürdü. Bugünkü Azərbaycan 1990- cı illərdəki Azərbaycan deyil. Bu gün güclü dövlətimiz var. Əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir”.

Sabir Hacıyev siyasi partiyaların bəyanatlarını da şərh edib:

Hesab edirəm ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair bəyanatı yüksək qiymətləndirilməlidir. Bu bir daha ölkədəki siyasi partiyaların Ali Baş Komandanın ətrafında birləşdiyini göstərir”.

0