Gazeta.ru: "O, əhalinin diqqətini daxili problemlərin həllindən yayındırmağa çalışır”
İşğalçı Ermənistanın sərhəd bölgədə törətdiyi təxribatın ölkə daxili problemlərdən insanların diqqətini yayındırmağa yönəldiyi göz önündədir və əksəriyyət də birmənalı olaraq bunu qəbul edir. Bir neçə gündür ki, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də ekspert dairələrində bu versiya əsas xətt kimi keçir. Rusiyanın "Gazeta.ru” nəşrində dərc olunan "Paşinyan əhalinin diqqətini daxili problemlərin həllindən yayındırmağa çalışır” başlıqlı məqalədə də bu məsələ xüsusi qabardılıb.
Bildirilir ki, müşahidəçilər toqquşmaların Nikol Paşinyanın oğlu Aşotun əsgərliyi başa vurub evə döndükdən üç gün sonra baş verməsini təsadüfi saymır. "Baş nazirin tənqidçiləri hesab edirlər ki, Paşinyan hərbi-siyasi qərarlar qəbul edərkən əsas diqqəti şəxsi maraqlarına yönəldir. Necə oldu ki, o, xidmət etdiyi müddətdə hər şey sakit idi? Və qəfildən vəziyyət gərginləşdi. Ümumiyyətlə, Aşot Paşinyanın Dağlıq Qarabağda xidmət etməsi faktı belə, beynəlxalq hüquq normalarına ziddi idi. Bununla baş nazirin oğluna avtomatik olaraq cinayətkar statusu verilir. Başqa bir məsələ də qəribədir - toqquşmalar Dağlıq Qarabağda deyil, iki ölkənin sərhədində baş verib. Rusiya əksər ölkələr kimi, Dağlıq Qarabağı Azərbaycan ərazisi sayır və bu səbəbdən də Yerevan KTMT xətti ilə hər hansı bir addım ata bilməz. İndi isə formal olaraq hər şey Qarabağdan kənar baş verir və belə çıxır ki, Ermənistan Rusiyanı pis vəziyyətdə qoyur və Moskvanı sıx qonşuluq və strateji münasibətlərə malik olduğu Azərbaycanla münaqişəyə cəlb etmək istəyir”, - deyə nəşr yazır. Hərbi ekspert Pavel Felqenqauer nəşrə açıqlamasında bildirib ki, hazırkı anda KTMT münaqişəyə müdaxilə edə bilər. Lakin məsələ ondadır ki, təşkilatın iki üzvü - Qırğızıstan və Qazaxıstan heç vaxt döyüşlərə qatılmaz.
Məqalədə daha sonra bildirilir ki, bütün bunların fonunda Ermənistanda karantin müddəti daha bir ay müddətinə uzadılıb. Lakin hərbi xəbərlər fonunda bu qərar kölgədə qalıb. "Koronavirusun öhdəsindən gələ bilmədiyinə görə tənqidlərə tuş gələn baş nazir gündəmi dəyişməyə müvəffəq oldu. Ölkə dünyada koronavirusla bağlı ilk yerlərdən birində qərarlaşıb. Ölüm halları da sutka ərzində durmadan artır. Koronavirusla mübarizənin uğursuzluğu fonunda baş nazir bildirir ki, ölkə cəhənnəm yaşayır. Ermənistanda antiPaşinyan cəbhəsi formalaşır. Bura "Vətən”, "Daşnaksütyun”, "Çiçəklənən Ermənistan” daxildir. İndiki hakimiyyəti ciddi şəkildə narahat edən ikinci prezident Robert Koçaryandır. Bütün bunlar da Paşinyanın reytinqinin aşağı düşməsi fonunda baş verir. Ermənistan hakimiyyəti antirus əhval-ruhiyyəni də dəstəkləyir. Gah yerli yayımçılarda Rusiya telekanalları yoxa çıxır, ya da İctimai televiziyada rus dilində olan sonuncu proqram qapadılır. Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının fəaliyyətsizliyi barədə ittihamlar isə saysız-hesabsızdır. Halbuki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra qurumun rəhbəri Yuri Xaçaturovun həbsi barədə qərar qəbul etmişdi. Ölkədə Rusiyapərəst yeganə partiya - "Çiçəklənən Ermənistan” isə bu gün siyasi təqiblərə məruz qalır. Onun rəhbəri Qaqik Çarukyan barəsində cinayət işi qaldırılıb”, - deyə nəşr yazır.
Bir çox ekspertlər üçün baş verənlərin şərhi birmənalı təsir bağışlayır. "Paşinyan Ermənistandakı iqtisadi böhranın öhdəsindən gələ bilmədi, öz vətəndaşlarına hansısa bir uğur nümayiş etdirə bilmədi. Bu səbəbdən də açıq siyasi təxribatlara üz tutdu”, - deyə Rusiya İnnnovativ inkişaf Mərkəzinin rəhbəri, məşhur politoloq Andrey İvanov nəşrə müsahibəsində bildirib. Əlavə edib ki, bu yolla erməni baş nazir əhalinin ölkədə yığılıb qalan problemlərdən, o cümlədən iqtisadi problemlərdən diqqətini yayındırmağa çalışır.
Başqa bir nüfuzlu Rusiya nəşri - "Kommersant” qəzeti növbəti dəfə son toqquşmalara toxunub. Müəllif yazır ki, Azərbaycan tərəfi ermənilərin yüzə yaxın hərbçisinin məhv edildiyini bəyan etsə də, ermənilər bunu qəbul etmir. O ki qaldı azərbaycanlı generalın həlak olmasına - məqalədə bununla bağlı PA rəsmisi Hikmət Hacıyevin fikirləri əks olunub. "Bu onu göstərir ki, bizim generallarımız ön cəbhədə əsgərləri ilə birlikdədir. Bununla yanaşı, bizdə dəqiq informasiya var ki, Ermənistan öz itkilərini gizlədir. Mən erməni ictimaiyyətini ciddi şəkildə bu məsələ ilə maraqlanmağa çağırıram”, - deyə qəzet H.Hacıyevin sözlərini sitat kimi verib. Məqalədə Azərbaycan kəndlərində hər hansı bir təşviş yaşanmadığı və insanların öz evlərində qaldığı da bildirilir. Əksinə, insanların ətraf yerlərdən sərhəd bölgəsinə dəstək üçün gəldikləri vurğulanır. Ən maraqlısı isə odur ki, vaxtilə KTMT-ni tənqid edən ermənilər indi bu qurumdan dəstək istəyirlər. O da qeyd edilir ki, son hadisə ilə bağlı sərt mövqe nümayiş etdirən ölkə Türkiyə olub.
Başqa bir nəşr - "Nezavisimaya qazeta” isə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə müsahibəni dərc edib. "Prezident İlham Əliyev qan tökmək istəmir. Müharibə yeni qurbanlar, insanların məhv edilməsi və əzablarıdır. Bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Lakin danışıqlar da əbədi davam edə bilməz. Hər kəs narahatlığını bildirir, amma nədənsə heç kim münaqişənin niyə həll edilmədiyini söyləmir. Toqquşmanın Qarabağ münaqişəsi zonasında, təmas xəttində deyil, Ermənistan-Azərbaycan sərhədində baş verdiyinə gəlincə, biz bu faktın Ermənistan tərəfindən düşünülmüş təxribat olduğuna əminik. Və onun iki məqsədi var. Birincisi, Ermənistan KTMT-ni Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır və ölkəmi güclü iqtisadi əlaqələri və ikitərəfli əsasda isti, mehriban münasibətləri inkişaf etdirdiyi bu təşkilata üzv dövlətlərlə üz-üzə qoymağa çalışır. İkincisi, Ermənistan Rusiya ətrafında daha bir gərginlik ocağı yaratmaq və bununla da strateji maraqlarına zidd olan münaqişə ocağına girmək istəyir. Təbii ki, Rusiya öz sərhədləri yaxınlığında hərbi münaqişə yaratmaqda maraqlı deyil və buna görə də problemin mahiyyətini həll etmək, qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmalı olan təcavüzkar ölkəyə təzyiq göstərmək lazımdır. Əks təqdirdə, yenidən hərbi münaqişələr yaranacaq”.
Səfir onu da deyib ki, Ermənistan rəhbərliyinin Azərbaycanı eşitməsini istəyir. "Azərbaycan danışıqlar naminə danışıqlar aparmayacaq. Bu, əbədi davam edə bilməz. Ölkəmizin ərazisi 30 ildən çox müddətdə işğal edildiyi zaman belə bir vəziyyətə dözməyəcəyik. Bu sonsuz danışıqlar sülh prosesini ümumiyyətlə inkişaf etdirmir və yararsız hala gətirir. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, nəticəni əsas götürmək üçün əsaslı danışıqlar aparılmalıdır. Ədalət tərəfimizdədir və gec-tez qələbə çalacaq”.
Rusiya ilə yanaşı, Ukrayna mediası da baş verənlərə toxunub. "lb.ua” portalında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla sərhədin Tovuz istiqamətində törədilmiş provokasiya barədə geniş məqalə dərc olunub. Müəllifi Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova olan həmin məqalədə Ermənistanın təcavüzkar siyasəti pislənilib. Qardaş Türkiyə mediasında isə məqalələr yüzlərlədir. Məsələn, "Haber Türk” televiziya kanalında gedən verilişlərdən birində Bozok Universitetinin dekanı, görkəmli araşdırmaçı professor Kürşad Zorlu mövzu ilə bağlı tamaşaçıları ətraflı şəkildə məlumatlandırıb. Alim diqqətə çatdırıb ki, təcavüzkar Ermənistan illər uzunu həyata keçirdiyi işğalçılıq siyasətini pərdələmək üçün yeni hiylələrə əl atır.
Daha sonra, israilli jurnalist Neta Bar bu barədə İsraildə çıxan populyar ivritdilli "İsrael HaYom” qəzetində yazır ki, Azərbaycan ilə Ermənistan arasında ağır döyüşlər iki gündür ki, davam edir. Azərbaycanlı zabitlər həlak olub, erməni əsgər və zabitlər arasında xeyli tələfat var, lakin erməni tərəfi təfsilatı açıqlamır. Məqalə müəllifi bildirir ki, dünən tərəflər arasında atışma davam edib. Neta Bar yazır: "Azərbaycan həmin ərazidə yaşayan dinc sakinlərin evlərinin, habelə, sərhədin yaxınlığında - Tovuz şəhərində erməni artilleriya mərmiləri ilə dağıdılmış evlərin fotoşəkillərini nümayiş etdirib”.