Matias Dornfeldin müəllifliyi ilə ostexperte.de internet portalında “Dondurulmuş münaqişələr: Dağlıq Qarabağ misalı” başlıqlı məqalə dərc olunub.
Məqalədə cari ilin iyun ayında Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının Şərq Tərəfdaşlığı ölkələrindən olan həmkarları ilə videokonfrans formatında görüş keçirdikləri, müəyyən məsələlərlə bağlı müzakirələr apardıqları bildirilir. Qeyd olunur ki, müzakirələrdə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsi də müzakirə edildi. Qeyd olunur ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi bu xüsusda mühüm rol oynayır və Avropa Komissiyasının mövqeyinə görə Cənubi Qafqaz regionunda stabillik və rifahın təmin olunmasında əsas əngəl olaraq qalır.
Məqalədə Dağlıq Qarabağdakı separatçı rejimin heç bir dünya dövləti, o cümlədən hərbi, siyasi, maliyyə və iqtisadi cəhətdən asılı olduğu Ermənistan tərəfindən də tanınmadığı ifadə olunur. Əlavə olunur ki, erməni tərəfi öz işğalçı siyasətini öz müqəddəratını təyinetmə hüququ ilə pərdələyir, Azərbaycan isə öz ərazi bütövlüyünün və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığının təmin olunması ilə bağlı qanuni haqqını tələb edir.
Müəllif bildirir ki, Aİ özünün Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi və yerlərdəki diplomatik nümayəndəlikləri vasitəsilə münaqişənin həll prosesinə qoşulub və münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin işini dəstəkləyir. Qeyd olunur ki, ötən müddətdə Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinə xaricdən, o cümlədən Suriya və Rusiyadan olan ermənilərin məskunlaşdırılmasını həyata keçirib.
Məqalədə qeyd olunur ki, Aİ üzvü olan ölkələrdən olan parlamentarilər təşkilatın orqanlarına ünvanladıqları tövsiyələrdə ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli istiqamətində göstərdikləri səylərə və sözügedən münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və ATƏM-in 1975-ci il tarixli Helsinki Yekun Aktına uyğun həllinə dəstəklərini ifadə edir. Onlar, həmçinin tərəfləri dialoqu gücləndirməyə çağırıb.
Bildirilir ki, Avropa Parlamentinin deputatları sözügedən qətnamədə Şərq Tərəfdaşlığı ölkələrinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün həll olunmamış münaqişələr, xarici təcavüz və postsovet məkanındakı bəzi ölkələrin davam edən işğalçılıq siyasəti ilə pozulduğunu qeyd edirlər. Bu da Şərq Tərəfdaşlığı ölkələrində insan hüquqları ilə bağlı vəziyyəti pisləşdirir, rifah, stabillik və inkişafa mane olur, əməkdaşlıq üçün təhlükə yaradır. Məqalə müəllifi bu xüsusda birmənalı olaraq Şərq Tərəfdaşlığı ölkələrindən biri və Dağlıq Qarabağ münaqişəsində təcavüzkar tərəf olan Ermənistana işarə edilməsinin zəruriliyini ifadə edir. Müəllif bildirir ki, Aİ institutları Paşinyan hökumətinin münaqişənin həllində daha güzəştli mövqe tutması üçün səy göstərməlidirlər.
Məqalədə, həmçinin qətnamədə Aİ-nin 6 ŞT ölkəsinin öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə, eləcə də bu prinsiplərin məhdudiyyətsiz tətbiqi ilə bağlı göstərilən səylərə dəstək veriləcəyinin bir daha vurğulandığı təsdiq edilir. Bu məsələdə üzv dövlətlərin vahid mövqeyi və həmrəyliyi xüsusilə qeyd olunur. Müəllif buna əsaslanaraq əlavə edir ki, Aİ Ermənistan hökumətindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarından erməni ordusunun dərhal və şərtsiz çıxarılmasını daha güclü şəkildə tələb etməli, lazım gəldiyi təqdirdə isə sanksiyalar tətbiq etməlidir.
Məqalədə vurğulanır ki, Aİ-nin qanunverici orqanının nümayəndələri qətnamədə AP-nin Şərq Tərəfdaşlığı ölkələrinin suverenliyinin və ərazi bütövlüyünün pozulmasını pislədiyini, sərhədlərin zor tətbiq etməklə dəyişdirilməsini və ərazilərin ilhaq edilməsini tanımadığını, zor tətbiqini və ya zor tətbiq etməklə hədələməni rədd etdiyini xüsusilə vurğulayırlar. Həmçinin qeyd olunur ki, AP Aİ-nin münaqişələrin diplomatik yolla və beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına uyğun olaraq sülh yolu ilə həllinə dəstək verməsi ilə bağlı mövqeyini bölüşür.