Bu gün prezident İlham Əliyevin sərəncamı ilə bundan öncə Təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov, Xarici işlər naziri təyin edildi. Onun bu vəzifəyə təyin olunması çoxları üçün gözlənilməz olub.
Bəs bu təyinatı millət vəkilləri necə dəyərləndirir?
Deputat Fəzail Ağamalı bu haqda Musavat.com-a danışaraq bildirib ki, Elmar Məmmədyarovun vəzifəsindən uzaqlaşdırılması gözlənilən idi:
“Çünki artıq dünən ölkə prezidenti İlham Əliyev Elmar Məmmədyarovla bağlı münasibətini birmənalı şəkildə ortaya qoydu. Bununla da bəlli idi ki, bu fikirlərdən sonra Məmmədyarov bütün mənalarda etimadını itirmiş şəxsdir və artıq bu cür yüksək vəzifədə işləyə bilməz.
Əlbəttə, cənab prezidentin bu addımı çox düzgün və doğrudur. Bunun səbəbləri üzərində qeyd etdiyim kimi, prezident dünənki çıxışında çox lakonik şəkildə dayandı”.
Fəzail Ağamalı yeni təyinat alan Ceyhun Bayramovu təbrik edib, olduqca çətin və məsuliyyətli işində uğurlar arzulayıb:
“Ümidvaram ki, Ceyhun Bayramov ölkə prezidentinin bu etimadını doğruldacaq. Lakin Ceyhun Bayramova Elmar Məmmədyarovdan çox xoşagəlməz bir miras qalıb. O, XİN-nin işini tamamilə dəyişməlidir. Ölkə prezidentinin diplomatiyasına uyğun olaraq, iş qurulmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan təcavüzə məruz qalmış ölkədir. Bizim xarici siyasətimizdə işğal olunmuş torpaqlarımızın azad edilməsi mühüm və həlledici yer tutur. Bu baxımdan əmin olmaq istərdim ki, Ceyhun Bayramov bunun öhdəsindən gələcək və XİN-nin bütün pəncərələrini açaraq, oradakı abı-havanı tamamilə təmizləyəcək.
Bu işlər əlbəttə ki, Ceyhun Bayramov üçün çətin olacaq. Çünki bundan əvvəl orada sistem xarakteri daşıyan yanaşma olub.
Lakin inanıram ki, Ceyhun Bayramov Təhsil Nazirliyində nümayiş etdirdiyi yüksək keyfiyyətlərini bu nazirlikdə də ifadə edəcək və vəzifəsinin öhdəsindən uğurla gələcək”.
Millər vəkili Fazil Mustafa isə bildirdi ki, Ceyhun Bayramovun bu vəzifəyə təyin olunması o qədər də gözlənilən olmayıb:
“Çünki Xarici İşlər Nazirliyi sferasında çalışan insanların adları hallanırdı. Amma düşünürəm ki, Ceyhun Bayramovun bu vəzifəyə təyinatı çox uğurludur. Çünki o, öz sahəsində kifayət qədər dövlət təcrübəsi olan nazir kimi uğurlu kadrlardan biridir. Görünür ki, prezident başqa sahədən olan kadrı bu nazirliyə təyin etməklə ciddi islahatların aparılmasın önəm verib. Bəzən görürük ki, həmin sferanın içərisində olan, hər kəslə münasibəti olan kimisə təyin edəndə yeni islahatlara çox ehtiyatla yanaşılır”.
Fazil Mustafa qeyd edib ki, bu cür ciddi bir qurumun başında kifayət qədər Azərbaycan dəyərlərinə bağlı, milli mentaliteti çox yaxşı bilən, eyni zamanda da uzun illər təcrübəsi olan şəxsin təyin edilməsi çox uğurlu addımdır:
“Düşünürəm ki, XİN-də yeniləşmə baş verəcək. Sıradan çıxarılmış çox dəyərli diplomatlarımız var ki, onların müəyyən dərəcə reabilitasiyasına, işə cəlb edilməsinə ehtiyac var.
Həmçinin XİN-də həddən artıq lüzumsuz kadrlar var, müəyyən qədər onların sayının azalması həyata keçirilə bilər. Ümid edirəm ki, tezliklə bu sahədə yeniləşmə görəcəyik”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Ceyhun Bayramovu uzun illərdir ki, məsuliyyətli bir kadr kimi tanıdığını bildirdi:
“Qeyd edim ki, müəyyən işlə bağlı münasibətlərimiz, görüşlərimiz də olub. Ceyhun Bayramov təhsil naziri işlədiyi müddətdə və ondan əvvəlki dövrdə də hər zaman məsuliyyətli, sadə və savadlı kadr imici formalaşdırıb. Ona görə də cənab prezidentin bu təyinatını uğurlu hesab edirəm.
İlk öncə qeyd edim ki, qanuna əsasən ölkənin xarici siyasətini reallaşdıran, həyata keçirən prezidentdir. Təbii ki, bunun icrası və digər məsələlər nazir olaraq xarici işlər nazirinin öhdəsinə düşür. Belə olan halda cənab prezidentin bu siyasətini operativ, çevik və lazımi formada reallaşdırmaq üçün təbii ki, savadlı və işlək bacarığı olan, çoxluq tərəfindən müsbət dəyərləndirilən kadrlardan birinin həmin vəzifəyə təyin olması məqsədə uyğun idi. Hesab edirəm ki, bu seçim çox uğurludur”.
Çingiz Qənizadə Cehun Bayramova yeni təyinatı münasibəti ilə uğurlar diləyib:
“Ümid edirəm ki, onun təyinatı ilə Azərbaycanın xarici siyasətində yeni uğurların əldə edilməsində onun da payı olacaq”.
Musavat.com