Azərbaycanda hər dəfə əhəmiyyətli kadr dəyişikliyi baş verəndə (kimsə “vurulub”, kimsə də yüksəldiləndə) adlarını deputat, siyasətçi, ziyalı, yaxud ictimai xadim qoyanların bir çoxunun “çoxtəyinatlılıq istedadının” fontan vurduğu vaxtlar olur.
Belələri dünən tərifləyib göyə qaldırdıqları, süni də olsa böyük ehtiram, hörmət göstərdikləri, məclislərin başına çəkdikləri naziri, yaxud digər yüksək vəzifəli məmuru bu gün “vurulduğu” üçün “uf” demədən ayaqlarının altına almağa, çeynəməyə, didməyə hazırdırlar...
Bir müddət əvvəl ABŞ-da dəyəri milyonlarla ölçülən evlərə malik olduğu üzə çıxan Elmar Məmmədyarov barədə həmin məlumat yayılanda, naziri müdafiə edənlər sıraya düzülmüşdü.
Bu məlumatın yayılmasını az qala vətənə xəyanət, Elmar Məmmədyarovu isə milli maraqlarımızın sarsılmaz keşikçisi sayanların cərgəsində duranlardan biri də öz çıxışları ilə daim “diqqət mərkəzi”ndə olan deputat Elman Nəsirov idi.
Cəmi 1 ay bundan əvvəl, yəni hələ DTX-nın əməliyyat keçirmədiyi və Nyu-Yorkdakı mənzillərin “şəxsi məsələ” hesab olunduğu vaxt həmin bu deputat E.Məmmədyarovu belə müdafiə etmişdi: “Son zamanlarda müşahidə edirik ki, Azərbaycanın beynəlxalq sferada uğurlarını ləkələmək məqsədilə Xarici İşlər Nazirliyi hədəfə alınıb... Xarici İşlər Nazirliyi əleyhinə aparılan kampaniyanın arxasında ölkənin əldə etdiyi uğurlara kölgə salmaq, xətt çəkməkdir... Hesab edirəm ki, bu şər kampaniyası məqsədyönlü həyata keçirilir. Təəssüflə demək lazımdır ki, eyni kampaniyanın nüfuzlu Şeyx həzrətlərinin əleyhinə aparılmasının da şahidiyik..."
Bununla da deputat nazirin milyonluq mənzillər almasını, yəni açıq-aşkar korrupsiya faktını həmişəki kimi çox primitiv, əsassız şəkildə ört-basdır edib, oğurluğa dolayısıyla haqq qazandırıb, sonra da bunu yenə “5-ci kolon”un, Azərbaycanı istəməyənlərin və s. əməli kimi qələmə verərək, qulağımızı, gözümüzü, beynimizi “mozol” edən kiflənmiş tezislərdən istifadə edirdi. Hələ adamdakı “fərasət”ə baxın, E.Məmmədyarovu müdafiə edə-edə, macal tapıb bir az da “sağdan götürərək”, Şeyxülislama da “dəstək verirdi”...
İndi isə həmin bu Elman Nəsirovun bu gün, yəni DTX-nın əməliyyatı ilə yarımcan edilmiş, ölkə başçısının dünənki çıxışı ilə isə “kitabı bağlanmış” və nəhayət, vəzifəsindən kənarlaşdırılan E.Məmmədyarovun fəaliyyətilə bağlı mətbuata söylədiklərinə baxın: “Xarici İşlər Nazirliyinin (XİN) faktiki olaraq fəaliyyəti Azərbaycanın ümumi uğurlu inkişafı ilə uyğunluq təşkil etmir”. Sonra deyib ki, Azərbaycanda hücum taktikasına söykənən bir diplomatiyanın həyata keçirilməsi hədəf kimi müəyyən edilib, amma E.Məmmədyarovun nazirliyi bu işin öhdəsindən gələ bilməyib: “Lakin bir çox hallarda XİN-in fəaliyyəti bu tələblərə cavab vermir... Hətta məlum olub ki, Elmar Məmmədyarov COVİD-19 pandemiyası ilə əlaqədar Ermənistanla əməkdaşlıq məsələlərini müzakirə edib. Belə çıxır ki, biz işğalçı ölkə ilə əməkdaşlıq etməliyik? Belə olan halda çox mənasız və əhəmiyyəti olmayan bir danışıqlar həyata keçirilib...”
Bunları deyən eyni adamdır. Amma sanki bu adam iki ayrı-ayrı nazirlikdən və nazirdən danışır. Belə çıxır ki, E.Məmmədyarova və onun nazirliyinə nə oldusa, nə baş verdisə son bir ayın içində oldu? Nə deyəsən, sadəcə istər-istəməz sual yaranır ki, görəsən doğrudanmı belə keyfiyyətlərə malik şəxslərin təmsil olunduğu siyasi təşkilat, onların fəaliyyətindən fayda götürdüyünü düşünür?...
Yeri gəlmişkən qeyd edək ki, bir ay öncə E.Məmmədyarovu müdafiə edən təkcə Elman Nəsirov deyildi və yuxarıda qeyd olunanlar bu deputata qarşı qərəz kimi qəbul olunmamalıdır. Bu sıra kifayət qədər geniş idi. Məsələn, başqa bir deputat – Bəxtiyar Sadıqov da bir ay əvvəl Məmmədyarovu və onun nazirliyini göylərə qaldırırdı: “Xarici siyasətdəki uğurların, ölkənin artan nüfuzunun qarşısında dolayısı yolla duruş gətirə bilməyən həmin anti-Azərbaycan şəbəkə çirkin kampaniyalar aparır. Bəziləri deyirdilər ki, Elmar Məmmədyarov Azərbaycan dilində yaxşı danışmır. Amma bir jurnalist kimi deyirəm ki, nazir çıxışında fikirlərini dəqiq ifadə edir. Eyni zamanda beynəlxalq danışıqlarda xarici dil bilmək olduqca vacibdir ki, Məmmədyarovun ingilis dilində də səlis danışdığını görürük... yüksək çinli dövlət məmurlarına qarşı böhtanlar atıldığını, amma yapışmadığını görmüşük. Onlardan biri də indi Məmmədyarov əleyhinə başladılıb".
Yəqin ki, artıq Bəxtiyar Sadıqovun XİN-dəki DTX əməliyyatından və ölkə başçısının nazirin ünvanına söylədiklərindən və onun istefaya göndərilməsindən xəbəri var. Görəsən, belədə B.Sadıqov bir ay əvvəlki fikrində qalırmı və indi də Məmmədyarovu tərifləyə bilərmi? Yəqin ki, yox, axı indi artıq sabiq nazirin fəaliyyətini və xarici dil bilməsini tərifləyənin “dili quruyar”...
Cəlal Məmmədov