Tərtərdə nə baş verir? – Hüquqşünasdan icra başçısı ilə bağlı AÇIQLAMA

SİYASƏT
09:42 / 16.05.2020
2973

Tərtərin 2014-cü ildən icra başçısı olan Müstəqim Məmmədov DTX-nın keçirdiyi əməliyyatlardan sonra rayonda ictimai işə cəlb edilən şəxslərin maaş kartlarının özlərinə qaytarılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

M.Məmmədov bunları deyib: "Biz heç zaman kasıbın çörəyinə göz dikməmişik, o qabiliyyətdə olmamışıq. Əgər doğrudan da rayonumuzda belə nöqsanlar varsa, o zaman gəlib axtarıb tapacaqlar və biz də qanun qarşısında cavab verəcəyik".

Tanınmış hüquqşünas Aslan İsmayılov mövzu ilə bağlı yazır: "Mətbuatda mülklərinin siyahısı dərc olunan M.Məmmədovun diqqətinə aprel döyüşlərindən 1 ay sonra paylaşdığım statusdan çıxarışı çatdırıram və münasibət bildirməsini xahiş edirəm: "...Mayın 1-i Prezident İlham Əliyev xanımı ilə birlikdə Tərtərin Qapanlı kəndinə səfər edərək oradakı dağıntılarla tanış olub vətəndaşlarla görüşüblər. Dünən isə mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə büdcəmizdən 3,0 (üç) milyon manat olmaqla cəmi 6,0 (altı) milyon manat ayrılıb. Daim hakimiyyəti tənqid etsəm də bu yanaşmaya sevinirəm və təşəkkür edirəm. Bununla belə bir daha ictimai fikrin olduqca vacib amil olduğunu vurğulamalıyam. Bu gündən həmin rayonlara ayrılan vəsaitin ictimai nəzarətə götürülməsi olduqca vacibdir. Həmin rayonlarda yaşayan vətəndaşlarımız bu gün verilən imkanlardan istifadə edərək sosial şəbəkələrdəki böyük səhifələri, mətbuat nümayəndələrini aparılan yenidənqurma işlərilə bağlı intensiv məlumatlandırmalıdırlar. İcra Hakimiyyətlərindən isə heç olmasa bir dəfə vicdanlarına üz tutub ayrılan vəsaitlərin vətəndaşların durumunun yaxşılaşdırılmasına yönəltmələrini xahiş edirəm. Əks halda edilən hərəkət vicdansızlıqdan da betər sözlərə layiqdir. Ən azından qeyd edilən İcra Başçıları bilməlidirlər ki, həmin vəsaitlərdən maksimum səmərəli istifadəsi əhalinin gözündə Prezidentə söylənilən bayağı təriflərdən qat-qat üstündür".

Tərtərdə yaşayan həmvətənlərimdən də xahiş edirəm, ayrılan 3 milyonun aprel döyüşlərindən ziyan çəkənlərə çatıb-çatmaması barədə fikir bildirsinlər. Yazını Tərtərdən olan dostlarınıza göndərin ki, şərhlərdə münasibət bildirsinlər".

1