Ərik “vətənpərvərliyi”, və ya Marqaritanın “şaftalıları”. (Düşünmək üçün)
İşğalçı Ermənistanı diqqətlə öyrənən, iqtisadi, siyasi, sosioloji problemlərini dərindən analiz edən qurumumuz, ən geci, 90-ci illərin ortalarında artıq yaranmalı idi, təəssüf ki, yaranmadı. Ona görə də atdığımız addımlar elmi yox emosional, PR aksiyalarımız çox zaman effektsiz olur.
Düşmən ölkənin 2019-cu ildə Rusiya ilə ticarət dövriyyəsi 2 mlrd. 509 mln. dollar olub, Rusiyanın Ermənistana ixtacı 1 mlrd. 680 mln. dollar, Ermənistanın Rusiyaya ixracı isə cəmi 859 mln. dollar olub. Ticarət dövriyyasinə görə Ermənistan Rusiya üçün 45-ci yerdədir, Ermənistan üçün isə Rusiya ilk sırada qərar tutub. Ermənistanın 859 mln. dollarlıq Rusiya ixracatında kənd təsərrüfatı malları cəmi 45% təşkil edir, yəni 400 mln. dollar civarındadır. Aqrar sektorun ixracatında isə əriyin payı cəmi 15%-ə yaxındır, yəni, 60 mln. dollar təşkil edir. Bu rəqəmləri yadda saxlayaq, keçən Moskvada baş verən son “ərik” əməliyyatına.
“Food Sity-nin” rəhbərlərindən biri, hörmətli İlham Rəhimovun dünən müsahibəsini oxudum, açığı, hörmətli İlham müəllimin media açıqlamalarını həmişə izləməyə çalışıram, maraqlı ip ucları, fikirlər olur. Amma dünənki müsahibədə bəzi rəqəmlər diqqətimi çəkdi, çox güman, hörmətli professorun köməkçiləri ona doğru arayış hazırlamayıblar.
Sitat: “Miqyas deyilənlərdən qat-qat böyükdür. 150 hektarda yerləşən obyektə Ermənistandan hər gün yüz minlərlə ton məhsul gəlirdi. Hər kəs bilir ki, Rusiya Ermənistanın əsas bazarıdır”.
Cavab: Hörmətli İlham müəllim bir məsələdə haqlıdır – Ermənistanın əsas bazarı Rusiyadır, aqrar sahədə ixracın 90%-ə yaxını Rusiyanın payına düşür. Amma hər gün yüzminlərlə ton məhsul gəlmir, gələ də bilməz. Hə, yüzlərlə ton (məsələn, 200-250 ton daha məntiqlidir, illik ixracı günlərə böləndə daha az alınır, amma indi mövsümdür, 150-250 ton arası ola bilər) məhsul hər gün Rusiyaya ixrac oluna bilər, amma bunun heç də hamısı Moskvaya, Moskvaya gələn malın isə heç də hamısı “Food-Sity” bazarına gəlmir.
Sitat: “Dəqiq hesablama olmasa da ziyan (Ermənistana) yüz milyonlarladır. Mən günlük rəqəmləri nəzərdə tuturam”.
Cavab: Hörmətli İlham müəllim əgər ziyanı rublla ölçürsə, günlük ziyan rublla milyonlarla ola bilər, amma heç rublla da yüzmilyonlarla ola bilməz, dollarla isə söhbət bir gündə Ermənista dəyən, maksimum, 400 -500 min dollardan gedir.
İndi isə keçək İlham müəllimin açıqlamalarının siyasi tərəflərinə.
Sitat: ““Food City rəhbəri olaraq hesab etdik ki, ermənilərin orada olması məqsədəuyğun deyil”.
Cavab: Biz belə bəyanatlardan qaçmalıyıq, İlham müəllim iş adamıdır, ola bilər ki, emosional danışır, amma deputatlar, məmurlar, siyasilər də münaqişəni milli zəmində dəyərləndirirlər. Bu yolverilməzdir – Bizim düşmənimiz Ermənistan dövləti, onların işğalçı siyasətidir. Bizim hədəflərimizə çatmağa mane olan Kremlin siyasəti, onların münaqişəyə müdaxiləsidir. Biz məsələni etnik zəminə, hətta dini zəminə çəkən kimi uduzuruq – haqlı olduğumuz yerdə haqsız duruma düşürük. Çünki, Ermənistan təbliğatı 30 ildir deyir ki, azərbaycanlılarla (vətəndaş tanımıdır), erməni əsilli azərbyacanlılar birgə Azərbaycan Dövləti ərazisində yaşaya bilməzlər. Biz belə bəyanatlarla Ermənistana haqq vermiş oluruq, Qarabağda yaşayan erməni əsilli azərbaycanlılar (bir daha, azərbaycanlı vətəndaşlıq tanımıdır, etnik mənsubiyyət deyil) bizim vətəndaşlardır, onları terrorun əlindən qoparmalı, Azərbaycan bayrağı altında birgə yaxşı yaşamalarına təminat verməliyik.
Ona görə də dünən Moskvanın BİR bazarında (azərbaycanlıların nəzarətində olan) Ermənistandan gələn meyvələrin qəbul edilməməsi səhv qərar idi, münaqişəni etnik zəminə çəkir, hansındakı biz haqlı olduğumuz halda haqsız duruma düşə bilərik. Nəticədə bu gün Moskva hökuməti erməni biznesmen Samvel Karapetyanın iki bazarını genişləndirmək haqqında qərar verdi, sonuc olaraq hegemon vəziyyətdə olan “Food Sity” zəifləyəcək, erməni əsilli biznesin bu sahədə çəkisi artacaq. Nəticə etibarı ilə bizim iş adamlarına gələcəkdə ziyan dəyəcək. Bunun üzərinə erməni əsilli Rusiya vətəndaşlarının təbliğat gücünü də qoyun (ən yaxşı bacardıqları məsələ ağlamaq, üz cırmaq, daim əzildiklərini göstərməkdir), nəticədə Azərbaycandan gələn mallara və iş adamlarına ruslarda olan neqativ yanaşma daha da dərinləşəcək. “Food Sity” bazarının da kimə məxsus olduğunu, Kreml ilə hansı əlaqələrinin olduğunu da unutmayaq, bu da vacib amildir, yəni, “razılaşdırılmış” addım olması ehtimalı güclüdür.
Biz bazarları fəth edərkən o zalım uşaqları medianı, TV-ləri, hüquq-mühafizə orqanlarını, bankları fəth edirdilər - əks-təbliğat imkanları çox genişdir. Bir tək Martirosyan bütün şou-biznesdə ciddi söz sahibi olan şəxsdir, bunun üzərinə TV kanalları, media imkanlarını və Simonyanı gəlin – vəziyyət aydın olacaq.
Hə, indi də gələk Marqarita Simonyanın “şaftalılarına”, yox-yox, anatomik anlamda demirəm, dünən yazdığı, bizimkilərində bəh-bəhlə qarşıladığı, güya Ermənistana ziyan, bizə xeyirli olan postuna. Hamı teksti oxudu, amma çox az adam konteksti tuta bildi.
Kimdir Marqarita? Kremlin əsas təbliğat maşınlarından birinin, illik büdcəsi 700 mln. dollar olan, Putindən orden-medal alıb məhz elə onun da sözünü deyən şəxsdir Simonyan! Elə bilirsiz özbaşına yazmışdı o yazını?! Ay-hay, Kremlin açıq deyə bilmədiyini Marqarita “şaftalılarını” yelləyə-yelləyə söylədi - əsas mesaj budur: Paşinyan bizim sözümüzə baxmadı, biz ona yüksəklikləri almağı tapşırdıq, bacarmadı, ya da etmək istəmədi, planlarımızı pozur, bizə tam biyət etmir, ABŞ-la, Avropa ilə cükküldəşir, Rusiyanın qarşısında diz üstə yalvarmır, bizim planlarımızı pozur. Simonyanın o yazısı açıq-aydın göstərdi ki, Tovuzdakı Ermınistan təxribatının arxasında məhz Kreml durur - əsas hədəf də bizim kommunikasiya xəttlərimizdir, bir də Türkiyəyə bizim üzərimizdən verdikləri mesajdır. Qardaş ölkə olan Türkiyənin daha sərt reaksiyası məzh bu məsələyə görədir – yəni, Moskvanın mesajını aldır, niyyətlərini gördük (bu ayrı mövzudur, işərisində qaz məsələsi, Suriya, Liviya, Kipr məsələləri var, bir gün bu haqda da yazaram).
Ermənistanın istədiyi məsələni etnik-dini məcraya çəkməkdir, bunu təsdiqləyən İSTƏNİLƏN addımımız səhv, yanlışdır və haqlı Qarabağ savaşımızda bizə mane olan məsələdir. Yaponiya Çini işğal edəndə ictimai yerlətrin qarşısına, “çinlilətin və itlərin girməsi yasaqdır”, yazırlarmış, günu bu gün də inkişaf etmiş, gözəl dövlət olan Yaponiya bunun acısını, fəsadlarını çəkir. Və ya, 300 ildir ABŞ-da “qaradərili” problemi həll edilməyib, hələ də bunun fəsadları davam edir. Sözümün canı budur ki, 21-ci əsrdə haqlı davaları etnik, irgi, dini zəminə çıkilməsinə imkan verənlər həmişə uduzublar. Qarabağ məsələsi İŞĞAL məsələsidir, düşmənimiz Ermənistan dövləti və iplərini əllərinə verdikləri ölkələrdir. Bu münaqişə etnik və dini deyil – bu bizə torpaqlarımızın hərb yolu ilə işğaldan azad etməyimizə hüquqi zəmin verir. Əgər biz ermənilərin istədiyi kimi məsələni etnikləşdirsək, dini zəminə dartsaq uduzacağıq...
Natiq Cəfərli
İqtisadçı