Serbiya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla görüş keçirilib.
HİT.Az-ın xəbərinə görə, bu barədə XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib. Görüşdə X.Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah sursatın göndərildiyini qarşı tərəfə bildirib.
O, Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı əsasən müxtəlif kalibrli minomyotlardan istifadə edildiyini, sərhədyanı yaşayış məntəqələri və mülki əhalinin təhlükəsizliyini təmin edən Azərbaycanın hərbi qüvvələrinin mövqelərinin artilleriya və minomyot atəşlərinə məruz qaldığını, Ermənistan hərbi qüvvələrinin xain hücumlarının qarşısının alınması zamanı Azərbaycan hərbi qüvvələrinin bir generalı və 10 hərbi qulluqçusunun, o cümlədən bir nəfər sərhəd kəndinin sakininin həlak olduğunu qeyd edib.