Redaksiyamız (Virtualaz.org)dost Gürcüstanın xarici siyasət idarəsinin bəyanatı ilə təəcüb içərisində tanış oldu. Çox dərin təəsüflərlə qeyd edirik ki, rəsmi Tbilisinin bəyanatında haqqin.az nəşrinin Serbiyadan minaatan mərmilərinin və Rusiyadan hərbi ləvazimatların Tovuz istiqamətində gedən döyüşlər ərəfəsində Gürcüstan üzərindən Ermənistana daşındığı barədə informasiyasıo şübhə altına alınıb. Bundan əlavə, haqqin.az məqsədli şəkildə dezinformasiya tirajlamaqda günahlandırılıb.
Gürcüstan XİN-in səs-küylü bəyanatından sonra redaksiyamız Azərbaycan və Gürcüstan ictimaiyyətlərinin nəzərinə bəzi faktları çatdırmağa məcburdur. Lakin bununla belə biz istənilən suveren dövlətin xarici siyasət idarəsinin istənilən bəyanatında diqtə edilməli olan diplomatik ənənələrə də anlayışla yanaşırıq.
Xatırladaq ki, iyulun 19-da haqqin.az və virtualaz.org saytları informasiyalı hərbi qaynaqlara istinadən Ermənistana Gürcüstan üzərindən “Qrad” qurğuları üçün launçerlərin, habelə minatanlar üçün Serbiyadan mərmilərin daşınmasına, həmin sursatın daha sonra Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərinə hücum üçün istifadə edilməsinə dair yazmışdı.
Azərbaycana dost olan ölkənin xarici siyasət idarəsi Rusiyadan quru yolu ilə daşınan, Gürcüstan ərazisində qeydə alınan və bundan az sonra Ermənistanla sərhədi keçən launçerlərin fotolarını necə şərh edəcək?
Biz səmimi şəkildə ümid edirik ki, bu dəfə faktlar gürcü diplomatları üçün mübahisə doğurmayacaq, çünki fotoda əks edilən hərbi texnikanın harada qeydə alındığı Gürcüstanda yaşayan adamlarda şübhə doğurmamalıdır. Və cəmi bir neçə saat sonra həmin döyüş texnikası dövlət sərhədini keçir və Azərbaycana düşmən ölkənin ərazisinə daxil olur.
İndi isə Serbiyadan Gürcüstana hava yolu ilə çatdırılan minatan mərmiləri barədə.
Gürcüstan tərəfinin nəzərinə çatdırırıq ki, ABŞ və NATO-ya dost ölkənin ərazisinə bu sursatı Slobadan Tesiç adlı məşhur kriminal silah alverçisi çatdırıb. O, “Maqnitski Aktı” çərçivəsində ABŞ-ın sanksiyaları altındadır. Redaksiyamızın sərəncamında olan sənədlərə əsasən minatan mərmiləri qismində yükü göndərən Serbiyanın Vectura Trans D.O.O. şirkətidir. Şirkət Narodnih Heroja 16, 11070, Belgrade ünvanında qeydə alınıb, alıcı qismində isə Ermənistanın Müdafiə Nazirliyi göstərilir. Qeyd etmək lazımdır ki, “Vectura Trans” şirkəti də “Maqnitski Aktı” çərçivəsində ABŞ-ın sanksiyası altındadır.
Sursat Serbiyanın Niş şəhərindən MDB respublikalarından birinin aviaşirkəti vasitəsilə göndərilib.
Slobadan Tesçiçin adı “The Moscow Post” nəşrində rusiyalı jurnalistlərin digər silah alverçisi, Rusiyada axtarışda olan David Qalstyan barədə araşdırmasında rast gəlinir. Tesiç və Qalstyan partnyorlardır, bu da Serbiya hökuməti üçün sirr deyil.
Təəsüf ki, obyektiv səbəblərdən redasiyamız Gürcüstan üzərindən Ermənistana daşınan minaatan mərmiləri barədə daha detallı informasiya açıqlaya bilməz. Biz ancaq onu vurğulaya bilərik ki, Gürcüstan hökuməti ABŞ-ın sansiyaları altında olan şəxslərin Ermənistana silah-sursat daşımasına icazə verib.
Bu baxımdan ümid edirik ki, Gürcüstan XİN indi təqdim edilən faktlara aydınlıq gətirəcək və izahat verəcək.