"Ərdoğan ermənilərin Tovuza hücumunun arxasında kimin dayandığına işarə etmişdi"

SİYASƏT
18:21 / 23.07.2020
2619

Xəbər verildiyi kimi, Ermənistan ordusunun iyulun 12-də Tovuz rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərinə qəfil hücumuna Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərt reaksiya verib. Ərdoğan bu hücumun “Ermənistanın boyunu aşdığını” bildirir və onun arxasında başqa qüvvənin, ölkənin dayandığına ehyam vurub. Bəs Ərdoğan hansı ölkəyə işarə edirdi?

Virtualaz.org xəbər verir ki, türkiyəli strateji məsələlər və təhlükəsizlik eksperti Coşkun Başbuğ bu barədə “Yeni Akit” qəzetinə danışıb. O, Ermənistanın hücumunun arxasında Rusiyanın dayandığını deyib.

“Ermənistanın həyata keçirdiyi və Rusiyanın arxasında durduğu hücumların bir məqsədi var. Tovuz bölgəsinə edilən hücum Türkiyənin enerji təchizatı yollarına edilmiş hücumdur. Prezident Ərdoğan “bunu kimin etdiyini bilirik” demişdi. Şübhəsiz ki, Rusiyaya işarə etmişdi. Rusiyanın Ermənistanda kritik hərbi bazaları var. Rusiya Avropanı enerjidə özündən asılı hala gətirdi. Burada yürütdüyü siyasət də budur.  Türkiyəni enerjidə özündən asılı hala gətirmək istəyir. Rusiya nədən bu münaqişəni qızışdırır? Bunun iki səbəbi var. Birincisi, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq anlaşmaları əldə edildi. İkincisi bu, Türkiyəyə yeni cəbhə açmaq cəhdidir”,- o bildirib.

1