Xəbər verildiyi kimi, iyulun 22-də BMT baş katibi Antonio Quterreş Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana ayrı-ayrılıqda telefon açıb. Tərəflər arasında Ermənistan-Azərbaycan sərhədlərində baş verən son silahlı qarşıdurma müzakirə olunub.
Azərbaycan prezidenti söhbət zamanı baş katibin diqqətinə son toqquşmaların işğal olunmuş Dağlıq Qarabağdan uzaq məsafədə baş verdiyini çatdırıb və Azərbaycanın Ermənistan ərazisində hərbi məqsədlərinin olmadığını deyib. Həmçinin Quttereşin bu fikri ilə razı olduğunu bildirib ki, status-kvo həmişəlik davam edə bilməz. Qeyd edib ki, Azərbaycan həmişə danışıqlar masası arxasında konstruktiv mövqedə dayanıb. “Lakin Ermənistan rəhbərinin ”Dağlıq Qarabağ Ermənistandır" bəyanatı və onun “Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bildirməsi danışıqlar prosesini ciddi şəkildə təhlükə altına alır". Dövlət başçısı bir daha vurğulayıb ki, Ermənistan 30 ilə yaxındır BMT TŞ-nin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymur.
Öz növbəsində Nikol Paşinyan telefon söhbəti zamanı münaqişənin dinc yolla həllinin tərəfdarı olduqlarını, sülhə alternativin olmadığını söyləyib. Azərbaycandan BMT rəhbərinə şikayət edən işğalçı ölkənin hökumət başçısı həmçinin, ənənəsinə sadiq qalaraq, son təxribat hadisələrinin məsuliyyətini üzərindən atmağa cəhd edib.
“Moskva Azərbaycanla atəşkəsin bərpasında xüsusi rol oynadı”. “Yeni Müsavat”ın məlumatına görə, bunu isə Paşinyan dünən hökumətin iclasında deyib. O, habelə atəşkəsin bərpasında Minsk Qrupu həmsədrlərinin mühüm rol oynadığını söyləyib. Türkiyəni isə vəziyyəti qızışdırmaqda, situasiyanın sakitləşməsində maraqlı olmamaqda ittiham edib. O Türkiyə ki, onun prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədən keçən strateji əhəmiyyətli neft-qaz kəmərlərini nəzərdə tutaraq bildirmişdi ki, “baş verən təxribatçı hücum Ermənistanın boyunu aşan hadisədir”. Eyni zamanda Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu, ölkəmizi heç vaxt tənha buraxmayacağını bəyan etmişdi.
Ərdoğanla yanaşı, qardaş dövlətin xarici işlər və müdafiə nazirləri, parlamenti səviyyəsində də Azərbaycana birmənalı və təkrar-təkrar dəstək açıqlamaları səslənmiş, “Bakı hansı variantı seçsə, biz onun yanındayıq” kimi açıq mətnlə vədlər verilmişdi.
Sözsüz ki, Ankaradan gələn bu kimi bəyanatlar ilk növbədə Ermənistana mesaj idi və İrəvan üçün “soyuq duş” effekti yaradacaqdı. Yaratdı da. Az sonra Minskə, Avrasiya İqtisadi Birliyinin tədbirindən istifadə edib təşkilat üzvlərindən dəstək almağa gedən Paçinyan əli ətəyindən uzun, “əliboş” qayıtdı. Hətta müttəfiqi Rusiyadan da himayəsini ala bilmədi. Belarus, türkdilli Qazaxıstan və Qırğızıstanla yanaşı, Rusiya da Türkiyə və Azərbaycanın əleyhinə mövqe sərgiləmədi. Habelə beynəlxalq təşkilatlar, aparıcı Qərb ölkələri və region dövlətləri işğalçı ölkəni qınayan mövqelər ortaya qoydu. Məhz hərbi və siyasi-diplomatik fiasko fonunda Ermənistan baş naziri hələ Minskdə geri verməyə, Azərbaycanla sülhdən dəm vurmağa başladı.
Ancaq məsələdə, əlbəttə ki, Türkiyə faktoru, Ankaranın sərt xəbərdarlıqları, Türk xofu mühüm rol oynayıb. Yeri gəlmişkən, dünən Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan “Fransa 24" kanalına müsahibəsində bu xofu etiraf edib. O, geniş miqyasda savaşın başlaya biləcəyi halda Türkiyənin prosesə müdaxilə edəcəyindən qorxduqlarını deyib. Belə ki, jurnalistin, ”Türkiyənin savaşa daxil ola biləcəyindən qorxursunuzmu" sualına Mnatsakanyan, “Açığı, buna biganə yanaşa bilmərik. Təbii ki, bundan çox narahatıq” deyib...
*****
Şübhə yox ki, Azərbaycan Türkiyəsiz də işğalçı Ermənistanın cavabını artıqlaması ilə verə, öz ərazi bütövlüyünü bərpa edə bilər. Söz düşmüşkən, bir neçə gün öncə İlham Əliyev Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı Ermənistan rəhbərliyinə KTMT-siz filansız Azərbaycanla təkbətək vuruşmağı təklif etmişdi. “Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq” demişdi. Bu isə, işğalçı ölkə də daxil, bir sıra ünvanlarda ciddi rezonans doğurmuşdu.
Analitiklər İrəvanın Bakı ilə təkbətək savaşa cürət etməyəcəyinə əmindirlər.
“Ermənistan Azərbaycanın təkbətək vuruşmaq çağırışını qəbul etmək iqtidarında deyil”.
“Yeni Müsavat”ın məlumatına görə, bunu Axar.az-a açıqlamasında ukraynalı politoloq Vladimir Tsxvediani İlham Əliyevin şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdə dediyi sözləri şərh edərkən söyləyib. “Əlbəttə, İrəvan buna getməyəcək” deyən ekspert Ermənistanın belə bir çağırışı qəbul etməyəcəyini bu cür izah edib: “Axı onlar forpostdur. Forpost isə heç vaxt təkbətək müharibə etmir”.
Politoloq onu da qeyd edib ki, ermənilər qədər sözdə cəsarətli, söz pəhləvanı olan millət yoxdur. “Onların tarixi nağıllarına görə, ”Böyük Ermənistan" ümumiyyətlə, ən qədim və mədəni bir dövlət olub. İrəvanda başqa bir təbliğat aparılmır və aparılmayacaq da", - deyə politoloq vurğulayıb.
İsrail istehsalı olan PUA-larla bağlı baş vermiş erməni hiyləgərliyindən sonra (guya erməni tərəfi Azərbaycanın İsrail istehsallı bir neçə bahalı PUA-sını vurub və bundan ötrü saxta sübutlar da təqdim edib) ciddi siyasətçilərin nə vaxtsa İrəvana inana biləcəyi ilə bağlı sualı cavablandıran ekspert deyib: “Belə bir konsepsiya var - işlək təlxəklər. Hamı başa düşür ki, bunlar təlxəklərdir. İrəvana əvvəllər onsuz da inanmırdılar, sadəcə, bu və ya digər məqsədlə onlardan istifadə edirlər...”
*****
Bu arada Tovuz insidentinə daha qlobal rakursdan şərhlər gəlməkdə davam edir. Məsələn, strateji məsələlər və təhlükəsizlik üzrə türkiyəli eksperti Coşkun Başbuğ “Yeni Akit” qəzetinə müsahibəsində Ərdoğanın məlum açıqlama ilə (“Bu - Ermənistanın boyunu aşan hadisədir”) Rusiyaya işarə vurduğu qənaətindədir. O, Ermənistanın hücumunun arxasında Rusiyanın dayandığını deyib.
Sitat: “Ermənistanın həyata keçirdiyi və Rusiyanın arxasında durduğu hücumların bir məqsədi var. Tovuz bölgəsinə edilən hücum Türkiyənin enerji təchizatı yollarına edilmiş hücumdur. Prezident Ərdoğan ”bunu kimin etdiyini bilirik" demişdi. Şübhəsiz ki, Rusiyaya işarə etmişdi. Rusiyanın Ermənistanda hərbi bazaları var. Rusiya Avropanı enerjidə özündən asılı hala gətirdi. Burada yürütdüyü siyasət də budur. Türkiyəni enerjidə özündən asılı hala gətirmək istəyir. Rusiya nədən bu münaqişəni qızışdırır? Bunun iki səbəbi var. Birincisi, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq anlaşmaları əldə edildi. İkincisi bu, Türkiyəyə yeni cəbhə açmaq cəhdidir".
Əlavə edək ki, bu ilin fevralında Türkiyə prezidenti Bakıda səfərdə olarkən iki qardaş ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın daha da dərinləşdirilməsinə dair yeni anlaşmalar imzalanmış, birgə silahlar, o cümlədən dronlar (PUA) istehsalı ilə bağlı ilkin razılıq əldə olunmuşdu. Bundan bir qədər sonra Azərbaycan Türkiyədən yeni silahlar almağa başladı...