Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçə təşəkkür məktubu göndərib.
HİT.Az-ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Sədr,
İlk növbədə Sizə səmimi salamlarımı yetirirəm.
Ermənistanın qəfil və xain hücumu nəticəsində ordumuzun hərbçiləri və mülki vətəndaşımızın həlak olması ilə bağlı göndərdiyiniz başsağlığına və ölkənizin son hadisələrlə bağlı obyektiv mövqeyinə görə Sizə öz adımdan və Azərbaycan xalqı adından minnətdarlığımı bildirirəm.
Məlum olduğu kimi, cari ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan və Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə edərək atəşkəs rejimini kobud şəkildə pozmuş, hərbi təxribata əl atmışdır. Əks həmlələr və cavab atəşi nəticəsində hücum dəf edilsə də, növbəti günlərdə Ermənistanın hərbi-siyasi rəhbərliyi öz avantürist və təcavüzkar siyasətindən əl çəkməyərək hərbi və mülki obyektlərin, dinc sakinlərə məxsus evlərin bombalanması ilə bağlı göstərişlər vermişdir.
Bildiyiniz kimi, 30 ilə yaxın müddətdir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon Ermənistanın işğalı altındadır, bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin düşmüşdür. Son hadisələr bir daha Ermənistan rəhbərliyinin ikiüzlü, ölkənin isə təcavüzkar olduğunu nümayiş etdirdi. Məhz bu səbəbdən qeyd olunan hücum Ermənistanın işğalçı siyasətinin davamıdır.
Bu hadisələr zamanı hərbçilərlə yanaşı, uşaq, qadın və yaşlı insanların hədəfə alınması, öldürülməsi Xocalı soyqırımını həyata keçirənlərin hələ də hazırkı Ermənistan iqtidarında təmsil olunduğunu təsdiq etdi.
Ölkəmizin hərbi qüdrəti, qəhrəman övladlarımızın şücaəti sayəsində Ermənistanın məkrli və çirkin təxribatının qarşısı qətiyyətlə alındı və bundan sonra da alınacaqdır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunması ilə bağlı Bosniya və Herseqovinanın ədalətli mövqeyinə görə Sizə bir daha təşəkkür edirəm.
Biz də öz növbəmizdə 1995-ci ildə Srebrenitsa faciəsini yaşayan Bosniya xalqının dərdinə şərik çıxır, qətliam qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edirik.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq və tərəfdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın rifahı naminə bundan sonra da genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bosniya və Herseqovina xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram".