Ermənistanla informasiya müharibəsində XİN ön planda olmalıdır 

SİYASƏT
18:53 / 28.07.2020
875

İyulun 12-də Ermənistanın cəbhənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara Azərbaycan tərəfi tutarlı cavab verdi. Düşmənə təkcə hərb meydanında zərbə vurulmadı. Həm ölkə daxilində, həm də dünyanın hər bir yerində yaşayan azərbaycanlılar birlik nümayiş etdirdilər, təcavüzkar dövlətin səfirlikləri, eləcə də, onlara dəstək verən beynəlxalq qurumların binaları qarşısında aksiyalar təşkil etdilər. Hətta ermənilərin bunu həzm etməyib təşkil etdikləri təxribatlara belə yerindəcə soydaşlarımız layiqli cavab verdilər. Burada Azərbaycan diasporu da böyük işlər gördü.

Rəsmi Bakı diplomatiya sahəsində uğurlu fəaliyyətini Tovuz döyüşləri ilə başlayan proseslərdə davam etdirdi. Məhz bunun nəticəsində bir sıra ölkələrdən Azərbaycana açıq dəstək gəldi. Qardaş Türkiyə hətta hərbi yöndə də hər cür dəstəyi verməyə hazır olduğunu bəyan etdi. Eyni zamanda, Ermənistanın arxalandığı və havadarı hesab olunan Rusiya bəlkə də ilk dəfə olaraq bu proseslərdə səssiz göründü. Bu azmış kimi ermənilərə daha bir ağır zərbə üzv olduqları və “Rus NATO-su” hesab edilən Kollektiv Təhlükəsizlik Əməkdaşlığı Təşkilatından gəldi. Qurum Tovuz döyüşləri zamanı ermənilərə yönəlik heç bir dəstək sərgiləmədi. Hətta bu, düşmən ölkənin siyasi elitasında və ictimaiyyətində böyük etirazla qarşılandı, xəyal qırıqlığı yaratdı.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu məsələni şərh edərkən dedi ki, 4 gün çəkən döyüşlər bir daha göstərdi ki, müharibə keçmişdə olduğu kimi iki istiqamətdə gedir: “Birinci istiqamət cəbhə bölgəsidir, düşmənlə təmas xəttidir. Ordumuz məharətlə savaşdı, düşmənə zərbələr endirdi. Bir daha nümayiş olundu ki, Azərbaycan müasir hərbi texnikaya və mükəmməl taktikalara malikdir. Ancaq bizə bir daha bəlli oldu ki, bir neçə günlük döyüşlərlə və gücümüzü göstərməklə Ermənistan torpaqlarımızı boşaltmayacaq. Bunu prezident İlham Əliyev iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəkı çıxışından da sezmək olardı. Dövlət başçısı danışıqların faydasız olduğunu və müharibəsiz bu işin çözülməyəcəyini səsləndirdi. İlham Əliyevin bir önəmli əlavəsi də diqqətimi çəkdi. Prezident dedi ki, bu dəfə ”yarımçıq həllə" kifayətlənə bilmərik. Yəni bu o deməkdir ki, gələcəkdə Azərbaycan ordusunun Dağlıq Qarabağ istiqamətindəki həmləsi Dağlıq Qarabağ ətrafındakı 5 rayonla yanaşı Şuşa, Laçın və Kəlbəcərin də azad olunmasını sürətləndirməlidir. Prezidentin çıxışının bu hissəsi ona görə vacib idi ki, Azərbaycan ictimaiyyəti Tovuz döyüşlərindən sonra işğal altındakı torpaqların azad olunmasını tələb edir. Ermənistandakı daxili vəziyyət, o cümlədən beynəlxalq mühit də hərbi əməliyyata başlamaq üçün Azərbaycan üçün münbit zəmin yaradır. Prezident də Azərbaycan cəmiyyətinin və beynəlxalq aləmin dəstəyindən məmnun qaldığını bildirir. Ancaq prezident son qərarı vermək üçün başqa amilləri də nəzərə almaq məcburiyyətindədir. Bu amillər içərisində Azərbaycanda qarışıqlıq yaratmaq istəyən güclərdən tutmuş xarici mərkəzlərin işğalçıya dəstəyinə qədər amillər var. Müharibə başlayacağı təqdirdə bu risklər ortadan qaldırılmalıdır. Buna baxmayaraq, Azərbaycan prezidentinin fikri qətidir: Müharibə qaçılmazdır! Bu Ermənistan hakimiyyətinə və cəmiyyətinə də ciddi mesajdır ki, onlar Azərbaycan torpaqlarını azad etmək istəmirlərsə, müharibə və itkilərlə üzləşməli olacaqlar. Ancaq inanmıram ki, Azərbaycan prezidentinin Ermənistan hakimiyyətinə və cəmiyyətinə bu mesajı düşməni öz xoşuyla torpaqlarımızı boşaltmağa vadar etsin. Dünyada tək erməni qalsa da o öz xoşu ilə torpaqlarımızın boşaldılmasına razı olmayacaq. Onları buna məcbur etməliyik".

Amma politoloq diplomatiya sahəsindəki fəaliyyətimizdən o qədər də məmnun deyil: “Təəssüf ki, diplomatiyada tam uğur qazandığımızı xüsusi olaraq söyləyə bilmərəm. Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov uzun illər mənasız danışıqlarda iştirak etməklə status-kvonun, yəni işğalın uzanmasına şərait yaratdı. Yeni xarici işlər naziri Ceyhun Bayramov həm ictimaiyyətin, həm də prezidenti qəti mövqeyini nəzərə alaraq ancaq predmetli danışıqlarda iştirak etməlidir, əks halda danışıq xatirinə danışıqlara qatılmaq işğalın uzanması demək olacaq. Eyni zamanda Ceyhun Bayramovun bir başqa fəaliyyəti yarıtmaz səfirlərdən və diplomatlardan qurtulması olmalıdır. Bu da prezidentin birbaşa tapşırığıdır. Digər məqam da vacibdir. Ermənistanın və dünyadakı erməni lobbisinin informasiya məkanında təxribatlarının sayı artıb. Hiss olunur ki, onların qrupları var, müxtəlif dezinformasiyalar hazırlayıb hara gəldi ötürürlər. Bu məsələlərlə Bakıda mərkəzləşmiş şəkildə peşəkarlardan ibarət analitik qrup məşğul olmalıdır. Ermənistanla informasiya müharibəsində XİN ön planda olmalıdır. Əlbəttə, dünyada yaşayan azərbaycanlıların düşmənə qarşı bir yumruq kimi birləşməsi təqdirəlayiqdir. Azərbaycanlılar ermənilərin əsas yuvalarından birinə çevrilən Amerikanın Los-Anceles şəhərində belə müqavimət göstərməkdən çəkinmədi. Ancaq görüləcək iş çoxdur. İşğalçının və erməni lobbisinin nə edə biləcəyini əvvəlcədən proqnozlaşdırmağı bacarmalıyıq”.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli isə diplomatiya və diaspor sahəsində bəzi dəyişikliklərə ehtiyacın olduğunu söylədi: “Bu müharibədə bir sıra yeni detallar üzə çıxdı ki, mütləq qazanclar siyahısına yazmaq lazımdır. Rusiyanın rəsmi olaraq səssiz qalması fonunda KTMT-dən İrəvana heç bir dəstəyin verilməməsi tarix ərzində ilk dəfədir ki, prezidentlər səviyyəsində ən yüksək münasibətlərin olmasına bağlıdır. Başqa bir arqument: Bu döyüşlər də göstərdi ki, artıq Rusiya siyasi vitrinində Ermənistanın tanıtdığı Azərbaycan yox, Prezidentin, Birinci Xanımın imici ətrafında formalaşan Azərbaycan var. Okeanın digər tərəfində - Atlantik siyasi ab-hava da dəyişdi və ABŞ Nümayəndələr Palatası 296 və 99 saylı düzəlişlərin qəbulu erməni siyasi platformasında zəlzələ effekti verdi. Regiona Türkiyənin silahlı gəlişi çoxdan lazım idi və Tovuz hadisələrinin gedişində Cənab Ərdoğanı - dörd cəbhədə savaş aparan bir ölkə rəhbərinin səsləndirdiyi fikirlərlə artıq bu mərhələ də tamamlandı. Ötən il Fransa ilə bağlanmış hərbi saziş nəticəsində də Parisin orbitində dəyişmə baş verdi, zirehli texnika, dəniz və hava platformaları üçün müxtəlif silah növləri, həmçinin, robot texnikasının birgə istehsalı nəzərdən keçirilir. Bundan əlavə, ”Thales Group" şirkəti Azərbaycanda müxtəlif növ aşkaretmə və radiolokasiya sistemlərinin istehsalı üzrə birgə müəssisə, həmçinin, regional servis mərkəzi yaratmaq niyyətindədir. Düşünün, bu silahlar kimə qarşı istifadə ediləcək... Əlbəttə, əməkdaşlıq sahəsində kifayət qədər ölkə adı çəkmək olar ki, bu periodda Azərbaycana tam dəstək verdi. Amma düşünürəm ki, diplomatiya birbaşa idarə formasında zəif idi və adekvat olmadı, bu mütləq dəyişməlidir. Bunlar, Məmmədyarovun fəaliyyətsizliyinin nəticəsidir. Azərbaycanla bağlı indiyədək əldə edilən uğurları ya dövlət başçısı şəxsən əldə edib, ya da regionda qlobal maraqlar toqquşur, Azərbaycanın önəmi artır, ölkəmizə jest edirlər. Diaspora xüsusilə ilk mərhələdə çox yaxşı davrandı, ikinci mərhələdə koordinasiyasızlıq, təxribatlara oynamaq problemləri özünü göstərdi. Hazırda hər iki sahədə və informasiya savaşında güclənmək mütləqdir, indiki səviyyə ilə kifayətlənə bilmərik".


“Yeni Müsavat”

0