Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
HİT.az xəbər verir ki, bununla bağlı President.az məlumat yayıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1-ci maddəsinin üçüncü cümləsi dördüncü cümlə hesab edilib və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:
“Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir”.
Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 880-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında yeni Fərman imzalayıb.
Fərmana əsasən, qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.