Antiterror tədbirlərində şəhid olan hərbçilərin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edildi

SOSİAL
17:45 / 27.10.2023
732

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların ailə üzvlərindən ibarət 549 şəxsə Prezidentin aylıq təqaüdü təyin olunub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu artıq bununla bağlı qərar qəbul edib.

Məlumata görə, habelə şəhidlərin 234 vərəsəsinə, eləcə də antiterror tədbirləri zamanı xəsarət alan hərbçilərdən 38 nəfərə dövlət icbari şəxsi sığorta ödənişi təyin edilib və bu istiqamətdə işlər davam edir.

“Şəhid ailələrinə pensiya və müavinətlərin də təyin olunması üçün aidiyyəti qurumlardan məlumatlar toplanmaqla işlər aparılır. Sosial ödənişlər şəhid ailələrinə müraciət olunmadan, e-sistemlər üzərindən proaktiv qaydada təyin olunur və onların adlarına kartlar sifariş edilir”, - nazirlikdən bildirilib.

Xatırladaq ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir. Eyni zamanda 511 hərbi qulluqçu və 1 mülki şəxs yaralanıb.

0