İnsanları ölümə aparan yol - İntiharlar niyə çoxalıb?

SOSİAL
16:35 / 06.11.2023
573

“İntiharların başlıca səbəbi maddi çətinliklər, sosial vəziyyətin aşağı olmasıdır”.

Bunu Hit.az-a psixoloq Kəmalə Zeynalova deyib. 

Onun sözlərinə görə, maddi çətinliklər elə problemlərə gətirib çıxarır ki, insanlar intihar etmədən bunlardan can qurtara bilməyəcəklərini düşünür:

“Güclü insan intihar etməz, mübarizə aparmağı üstün tutar. Güclü insan rahatlıqla intihara cəhd etməz. Hər bir insanın çətin anı olur. Amma hər çətinlikdə intiharı yox, çətinliyə güc gəlməyi düşünmək lazımdır ki, intihar sizdən uzaqlaşsın. Bunu özünüz bacarmırsınızsa, kömək olacaq insanlara müraciət edin. Hər bir çətinliyin arxasında intihar bizlərlə gizlənpaç oynayır. Asanlıqla tapılıb intiharı qalib etməyin. Elə gizlənin ki, sizi tapa bilməyib, intizarda qalsın, əlacsız olub, sizdən əl çəksin. Amma intihar edəni də qınamayaq, səbəbini bilmədiyimiz halda".

K.Zeynalova bildirib ki, bu gün Azərbaycanda milli-mənəvi və ailə dəyərləri qorunub saxlanıla bilmir:

“Ailə dəyərlərimizə olan kənar müdaxilələr artdıqca, intiharların sayı çoxalır. Bu gün ailə dəyərlərinə olan kənar müdaxilələrin çoxluğu özünü boşanmaların artan statistikasında da biruzə verir. Burada məsələyə fərdi , subyektiv yox, ümumi cəmiyyət baxımdan yanaşılmalıdır”.
Psixoloq əlavə edib ki, intiharların sayını minimuma endirmək üçün, milli-mənəvi dəyərlər üzərində konsepsiya yaranmalıdır: “Bu gün milli-mənəvi dəyərlərə ciddi şəkildə müdaxilələr mövcuddur. Bu dəyərləri qoruyub saxlamaq istəyənləri isə köhnə təfəkkürlü adlandıraraq çıxdaş edir və cəmiyyətdən kənarlaşdırmağa çalışırlar”.

Sevinc

 

0