“Azərbaycanda piylənmədən əziyyət çəkənlərin sayı getdikcə artır.
Bu, ilk növbədə qidalanma ilə bağlıdır. İnsan nə qədər düzgün, keyfiyyətli qidalanarsa, yeməyinə diqqət edərsə, bir o qədər özünü piylənmədən sığortalayar.
Bütün xəstəliklərin əsas səbəblərindən biri qeyri-normal qidalanmadır. Piylənmənin özü də bir xəstəlikdir və orqanizmdə müxtəlif fəsadlara, şəkərli diabetə, mədə-bağırsaq, ürək-damar xəstəliklərinə səbəb olur.
Əgər insanın çəkisi yüz kiloqramı keçərsə, bu, ürəkdə ciddi problem yarada bilər. Həddindən artıq kök insanın ürəyinin xəstə olması qaçılmazdır”.
Bu sözləri Hit.az dietoloq Aynurə Rüstəmova deyib.
Onun dediyinə görə, piylənmədən əziyyət çəkənlərin 40 faizi gənclərdir, çünki qidalanma rejiminə riayət etmirlər: “Yeniyetməlik çağında baş verən piylənmə həm oğlan, həm də qızlarda böyük problemlər yaradır. Gənc qızların ana olmaq şansı azalır, oğlanlarda isə bütün funksiyalar pozulur və onlarda qadın hormonu daha aktiv olur. Kökəlmə yeniyetmənin görkəminə təsir edir, daxili orqanları piylənir.
Valideynlər övladlarının gənc yaşdan belə problemlər yaşamasını istəmirlərsə, mütləq mütəxəssisə müraciət etməlidirlər. Amma bu zaman da diqqətli olmaq lazımdır. Müraciət edilən mütəxəssis isə bu sahənin incəliklərinə bələd olmalıdır ki, təyin etdiyi müalicə effekt versin, orqanizmdə başqa fəsadlara səbəb olmasın”.
A.Rüstəmova bildirib ki, stress və əsəb də piylənmənin səbəblərindən biridir. Qalxanvari vəzidə problem olanda da piylənmə baş verir. Bizim iqlim xüsusiyyətindən asılı olaraq, qalxanvari vəzidə çox problem olur. Narahatçılıq olan halda mütləq endokroloqa müraciət etmək lazımdır:
“Piylənmə həmçinin iş rejimindən, düzgün və vaxtında qidalanmamaqdan da asılıdır. İnsan vaxtında və düzgün qidalanmayanda həzm prosesi pozulur. Bu da piylənməyə gətirib çıxarır. Piylənmə həm də şəkərli diabetin ikinci tipinin yaranmasına səbəb olur. Bu insanlarda insulin normadan çox ifraz olunur və belə insanlar kökəlməyə meyilli olurlar, çünki mədə ilə beyin arasında əlaqə kəsilir, insanın qidadan gözü doymur, yedikcə yemək istəyir. Bu hal insandan asılı olmur. Şəkərli diabetin ikinci tipində dərmandan istifadə etmək olmaz. Pəhriz və düzgün qidalanma ilə orqanizm normaya salınmalıdır. Belədə bədən sağalmaya meyilli olur, insulini normaya salmaq mümkün olur”.
Sevinc