“Qara çörək” qaraldılırmı?

SOSİAL
19:00 / 07.11.2023
654

Əsasən pəhriz saxlayanlar və şəkər xəstələri tərəfindən istifadə olunan qara çörəklərin keyfiyyəti məsələsi hər zaman alıcıları düşündürən əsas məqamlardan biridir.

 Bu çörəklərin tərkibinə hansısa zərərli kimyəvi məhsulların əlavə edilməsi və ya digər bu kimi iddialar barədə məlumatlar müxtəlif vaxtlarda müzakirə mövzusuna çevrilir. 

Dietik çörəklərin qiyməti də adi çörəklərdən dəfələrlə bahadır. Çünki bu çörəklərin çəkisi adi çörəklərin çəkisindən qat-qat aşağı olur.

 Çəkisinin az, keyfiyyətinin isə aşağı olmasına baxmayaraq, yerli bazarda qara çörəklərin qiyməti hazırda 1 manata yaxın və hətta daha bahadır.

Səslənən iddialarla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında qeyd edib ki, qara çörəklərlə bağlı illərdir telefon zəngləri daxil olur: 

“Bir neçə il bundan öncə istehlakçılar bizə bildirirdilər ki, çörəyə qaralıq rəngi vermək üçün atılmış kofelərdən, dəmlənmiş çayların rəngindən istifadə olunur.
Bu sahəyə nəzarətin gücləndirilməsindən sonra istehsalçılar artıq qara çörəyin hazırlanması prosesində hansısa zərərli qatqılardan istifadə etməkdən çəkinirlər. Qida Təhlükəsizlik Agentliyinin ciddi nəzarət etdiyi bir şəraitdə çörəklərin dietik - qara çörəyə çevrilməsi üçün demək olar ki, ziyanlı maddələrdən istifadə olunmur.  Çörəyə qaraltı verən və onu dietik edən xüsusi un var, hazırda həmin undan istifadə olunur. Əlbəttə, hətta hazırda bahalı və dietik çörəklərin bir hissəsinin hazırlanması - etiketdə də qeyd olunur - buğda unu qarışdırılmaqla əldə edilir. Lakin buna baxmayaraq, istehlakçılar yenə də narahatdırlar, onların arasında çörəklərə rənglərin qatılmasını düşünənlər hələ də var. Ona görə də tövsiyə edirəm ki, istehlakçılar çörəyin keyfiyyətindən şübhələnən zaman 1003 qaynar xətti vasitəsilə AQTA-ya məlumat versinlər”.

Sevinc

0