"Göz sağlamlığı üçün əsas vacib olan vitaminlər "A" və "E"dir".
Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova HİT.az-a açıqlamasında deyib.
O vurğulayıb ki, göz üçün faydalı olan qidaları günlük qida rasionumuzdan əskik etməməliyik:
"Birinci növbədə göyərtiləri qeyd etmək lazımdır. Xüsusilə, ispanaq, keşniş, şüyüt və yeni çıxmış turpun yarpaqları göz üçün faydalı olan elementlərə sahibdirlər. Onları göyərti kimi və ya yumurta ilə birgə bişirib yeyə bilərsiniz. Həmçinin, tam buğda unundan hazırlanan çörək və digər məmulatlar da gözlər üçün olduqca faydalıdır. Bundan başqa, sinkin də göz sağlamlığında əvəzsiz rolu var. Bu isə daha çox noxud, mərcimək və balqabaq tumunun tərkibində olur. Kənd toyuğu, qaz və hinduşkanın da tərkibində sözügedən element daha çox olur.
"A" vitamini olan qidaların içində kök, şirin kartof, kələm, kahı, kərəviz də faydalıdır. Bunlardan da istifadə etmək göz sağlamlığında əvəzsiz rol oynayır".
Həmsöhbətimiz göz sağlamlığı üçün faydalı olan digər qidalardan da bəhs edib:
"Qızıl balıq və yaxud da balığın digər növlərindən istifadə etmək tövsiyə olunur. Balığın yağlı hissəsi və dərisi göz sağlamlığı üçün olduqca faydalıdır. Bununla yanaşı, qoyun və keçi südü yağlılığına görə daha çox faydalı olur. Eyni zamanda, həmin süddən hazırlanan pendir, xama və qaymaqdan da istifadə etmək məsləhətdir.
Yumurta da göz üçün çox faydalıdır. Hətta ondan davamlı olaraq istifadə etmək gözün ağının daha bəyaz olmasına gətirib çıxarır. Bu, həmçinin yaşlanmada yaranan sarılıq və sarı nöqtələrin qarşısını alır.
"C" vitamini ilə bol olan sitrus meyvələrdən mandarin, limon və portağal kimi meyvələr də gözləriniz üçün faydalıdır. Həmçinin, çərəzləri qəbul etmək də bu cəhətdən olduqca yararlıdır. Xüsusilə qoz və badamın günün birinci yarısında yeyilməsi daha faydalı hesab olunur".
Məhsəti Hüseynova diqqətə çatdırıb ki, yuxu rejimi də mütləq şəkildə qaydada olmalıdır:
"Gec saatlara qədər oyaq qaldıqda göz həddindən artıq yüklənir. Gün ərzində 7-8 saat yatmaq göz və insan sağlamlığı üçün ən önəmli məqamlardan biridir. Ona da diqqət etmək lazımdır. Telefona və kompüterə baxarkən hər 20-25 dəqiqədən bir 20 saniyə dayanmaq lazımdır. Ən azından uzaq bir nöqtəyə, ardınca isə yaxındakı nöqtəyə baxaraq 10-a qədər saymaq olar. Hətta bunu 4-5 dəfə edə bilərsiniz.
Bundan əlavə, bütün fəsillərdə günəş eynəyi istifadə olunmalıdır. Bu, həm günəşdən, həm küləkdən, həm də yad cisimlərdən orqanizmi qoruyur".
Mütəxəssis onu da bildirib ki, 30-35 yaşdan sonra isə mütəmadi olaraq müayinədən keçmək lazımdır:
"Ona görə ki, hər hansısa problem olarsa, onu erkən aşkarlayaraq qarşısını almaq mümkün olsun. Həmçinin, siqaret çəkmək də göz üçün çox təhlükəlidir. Bu, gözdə kataraktasının yaranmasını sürətləndirir və göz suyunun qurumasına gətirib çıxarır. Bu da göz damarlarının tıxanmasına və görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər".
Pərviz