Subay insanların kirayə ev problemi

17:12 / 13.11.2023
565

Bakıda son illərdə kirayə mənzil bazarında tək qalan insanların normal qiymətə ev tapması çətinləşib. Ev sahiblərinin yalnız ailə və ya tələbə qızlar tələbi bu kateqoriya insanları daha bahalı evlərə üz tutmağa məcbur edir. 

Kirayə mənzil elanlarına baxdıqda görürük ki, ev sahiblərinin tələblərindən birincisi ailədir. Subay insanlar, boşanan xanımlar, tələbə oğlanların kirayə ev tapması müşkülə çevrilir. Əgər mənzillər yalnız ailəli insanlara verilirsə, subay şəxslər harada qalmalıdır? Problemin həlli yolu varmı?

Ev alqı-satqısı ilə məşğul olan rieltor Elmin Zeynalov Hit.az-a açıqlamasında qeyd edib ki, ev sahibləri fikirlərində haqlıdırlar: “Şərt qoyur ki, ancaq ailəyə və tələbə xanımlara üstünlük verilir. Tələbə oğlanlar və tək insanlara ev vermirik. Xüsusən də kişilərə ev vermirlər. Məlumdur ki,  xanımlar evi təmiz saxlayır, problemlər az olur, necə təhvil alırlarsa, elə də geri verirlər. Məsələnin 70 faizində ev sahiblərinin iradları həqiqətən haqlıdır. Tək insanlara, yaxud tələbə oğlanlara ev verirlər və problemlər yaranır.

Subay insanın evi kirayə götürməsi, şəhərdə yaşayan dost-tanışını evə yığıb, səs-küy salacağı düşüncəsini formalaşdırır. Bir çox hallarda bu, baş verir. İctimai sakitliyin pozulmasından narahat olan qonşular ya birbaşa ev sahibinə, ya da polisə şikayətlənir. Təbii ki, polis də ev sahibini bu məsələdə məsul şəxs hesab edir. Ümumiyyətlə, bu məsələdə əsas rol oynayan təsir gücü mentalitetdir. Bizim kimi ölkələrdə mentalitet hüququ üstələyir”.

Sevinc

 

0