Ətin qiyməti nə üçün bahalaşır?

SOSİAL
11:40 / 15.11.2023
878

Dövlət Statistika Komitəsinin oktyabr ayı üzrə hesabatında da ət və ət məhsullarının qiymətinin artdığı göstərilib. 

Ümumiyyətlə, son zamanlarda ətin qiymətinin tez-tez bahalaşdığını müşahidə edirik. Buna səbəb nədir?

Qida məsələləri üzrə ekspert Ağa Salamov HİT.az-a açıqlamasında bildirib ki, ətin bahalaşmasına əsas səbəb fermerlərin azalmasıdır:

"Örüş yerləri olmadığı üçün fermərlər heyvan yemi almağa məcbur olurlar. Yemin də baha olması ətin qiymətinin artmasına gətirib çıxarır. Həmçinin, xaricdən də ölkəmizə ət idxal olunması qiymətlərə təsir edir. Ona görə də həmişə deyirəm ki, torpağa qayıtmaq və kəndliyə dəyər vermək lazımdır. Kəndli, xırda sahibkar sağlam iribuynuzlu və xırdabuynuzlu heyvanlarla təmin edilməlidir. Ondan sonra ətin ucuzlaşmasından danışmaq olar".

Ekspertin sözlərinə görə, ildən-ilə fermerlərin azalması sadəcə ətin bahalaşmasına deyil, hətta ət qıtlığına da gətirib çıxara bilər:

"Bu isə gələcək üçün heç də yaxşı proqnoz deyil. Fermerlər örüş yerləri və su ilə təmin olunmalıdırlar. Onlar, diqqətə və qayğıya ehtiyacı olan bal arıları kimidirlər. Allah da Quranda deyir ki, bal arısı olmasa, həyat olmaz. Yəni kəndli olmasa, əkinçilik və hətta həyat olmaz".

Pərviz

0