Məktəb bufetlərinin vəziyyəti qənaətbəxşdirmi?

SOSİAL
18:10 / 15.11.2023
832

Bu gün tam rasionlu qidaların təqdim olunduğu bufet və yeməkxanaların yoxluğu Azərbaycanda məktəblərin az qala əsas problemlərindən birinə çevrilib.

 Bu isə həm şagirdlər, həm də valideynlər üçün ciddi narahatlıq yaradır.

Əksər hallarda aşağı sinifdə oxuyan şagirdlər yeməyi evdən gətirir, yuxarı sinif şagirdləri tənəffüslərdə çipsilər və energetik içkilər almaq üçün yaxınlıqdakı mağazaya gedirlər. 

Bütün bunlar isə böyüyən nəslin sağlamlığına təsir edir və gələcəkdə xeyli sayda xəstəliyin yaranması ilə nəticələnə bilər.

 Valideynlər övladlarının məktəbdə normal şəkildə qidalanması üçün pul ödəməyə hazırdırlar. Lakin hələ də məktəblərdə tam rasionlu naharın təşkili üçün şərait yaradılmayıb. 

Təbii ki, bu problem bütün məktəblərə şamil edilmir.

Təhsil eksperti Kamran Əsədov Hit.az-a  açıqlamasında bildirib ki, dövlət orta məktəblərində bufetlərin vəziyyəti qənaətbəxş deyil:

 “Bildiyiniz kimi 2011-ci ildə Nazirlər Kabinetinin təhsil müəssisələrində gigiyenik qaydalarla bağlı imzaladığı və Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təhsil müəssisələrində satışa icazə verilən qidalarla bağlı xüsusi göstərişləri var. Əlbəttə ki, bunlar, ilk növbədə, məktəbdə təhsil alan şagirdlərin sağlamlığının qorunmasına yönləndirilib. Təəssüf ki, ümumtəhsil müəssisələrindəki bufetlərdə bu normalar gözlənilmir. Yağda qızardılmış, iy verən, hətta tez xarab olan məhsullardan istifadə olunur. Hesab edirəm ki, bu sahədə yoxlamaları dayandırmaq yox, əksinə, ciddi şəkildə həyata keçirmək lazımdır. Çünki qidalanma birbaşa təhsilə təsir göstərən amillərdən biridir. Azərbaycandakı 4500-dən çox ümumtəhsil məktəbində şagirdlərə bu xidməti göstərən bufetlərdə demək olar ki, sağlamlığa birbaşa zərər vuran məhsullar satılır”.

Onun sözlərinə görə, burada ən ciddi yük və məsuliyyət məktəblərdə fəaliyyət göstərən valideyn-müəllim assosiasiyalarının üzərinə düşür. Çünki onlar birbaşa olaraq qanunvericilik çərçivəsində məktəb bufetlərində satılan məhsulların sertifikatına, kefiyyətinə, son istifadə tarixinə nəzarət etməlidir:

 “Təəssüflər olsun ki, bu qurumların fəaliyyəti yalnız kağız üzərindədir. İndiyə kimi həmin assosiasiyaların məktəb bufetlərinə satılan hansısa zərərli qidanın satışına qadağa qoyduğunu müşahidə etməmişik. Açığı, bufetlər məktəb direktoruna və aidiyyatı qurumlara müəyyən məbləğ ödədiyi üçün onların dırnaqarası fəaliyyətinə göz yumulur”.

Sevinc

0