"Boşanma cəmiyyətdə sıx şəkildə yaşanılan və bir çox dəyişikliyi özüylə gətirərək, sadəcə ər-arvada deyil, uşaqlara da, təsir etmə potensialı yüksək olan bir vəziyyətdir".
Bu sözləri EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqu Ayşən Bayramova HİT.az-a açıqlamasında deyib.
O bildirib ki, uşaqların valideynlərin ayrılıq müddətindən necə təsirlənəcəyi, yaşına, cinsiyyətinə, uşağın başa çıxma mexanizminin gücünə, ailənin iqtisadi vəziyyətinə və ana-atanın ayrılıq qarşısında göstərdiyi reaksiyaya görə dəyişə bilir:
"Aparılan tədqiqatlar psixoloji problemlər aspektindən ana-atası boşanmış uşaqların digər uşaqlarla müqayisədə daha çox risk altında olduğunu göstərməkdədir. Bununla bərabər, valideynlər arasında sağlam ünsiyyətin olmaması, fiziki və emosional şiddətə şahidlik edən uşaqlar isə boşanmış ailənin uşaqlarıyla müqayisədə daha çox zərər görə bilməkdədirlər.
Boşanma vəziyyətində diqqət edilməsi lazım olan əsas məsələ, keçmiş partnyorlar arasındakı ünsiyyətin davam etməsidir. Belə ki, uşaqlarda meydana çıxan psixoloji və davranış problemlərinin ən önəmli səbəbi, valideynlərinin sağlam şəkildə boşanmağı bacara bilməməsidir. Çünki bir çox valideyn, uşaqları vasitəsilə bir-birilərini hədələməkdə, digər valideyni pisləməkdə, uşaqdan "agent" kimi istifadə etməkdə, uşağın fiziki və emosional ehtiyaclarını nəzərə almamaqdadır".
Psixoloq diqqətə çatdırıb ki, belə hallar uşağa psixoloji cəhətdən ən çox zərər verən vəziyyətlərdir:
"Ana-atanın evliliyin bitməsini necə qarşıladığı, boşanmadan sonra münasibətlərini necə davam etdirdikləri, övladları ilə maraqlanıb-maraqlanmadıqları uşaqlar üçün olduqca önəmlidir. Uşaq birlikdə yaşadığı valideyninin də, onu tərk etməsindən, gedən valideyni tərəfindən sevilməməkdən, istənməməkdən, güvən yeri tapmayacağından qorxa bilər. Bunun üçün valideynin uşaqlara ehtiyaclarını qarşılayacağı güvənini verməsi, onu çox istədiyini və sevgisində heç bir dəyişiklik olmadığını deməsi və hiss etdirməsi vacibdir".
Həmsöhbətimiz diqqətə çatdırıb ki, ana-atanın ayrılıq sonrasında övladları ilə bağlı ünsiyyətinə davam etməsi, onlara yetəri qədər vaxt ayırmaları və aralarında sağlam ünsiyyətin olması uşağın bu müddəti daha asan keçirə bilməsinə kömək edəcəkdir:
"Valideynlərə boşanma sonrası uşaqlarının duyğularını, psixoloji vəziyyət və davranışlarını yaxından izləmələri, ehtiyac halında mütəxəssisə müraciət edərək, uşaqlar üçün psixoloji dəstək almaları tövsiyyə olunur".
Pərviz