Uşağa necə "yox" deyilməlidir?

SOSİAL
19:32 / 11.12.2023
826

Uşağın formalaşmasına ölkədə olan sosial-iqtisadi vəziyyət, aldığı təhsil əhəmiyyətli dərəcədə təsir göstərir. Lakin bu faktorlarla yanaşı duran ən mühüm amil valideynin uşağı düzgün tərbiyələndirməsidir.

Əgər məktəb və valideynlər birlikdə bu istiqamətdə fəaliyyət göstərirsə, onda uşağın tərbiyəsində müsbət nəticələr əldə etməyə olan inam, şübhəsiz, reallaşacaq. Deməli uşağın psixoloji durumu da dayanıqlı olacaq və bu onun dəyərli bir vətəndaş kimi formalaşmasına da yardım göstərəcək. Uşağa təkcə sözdə demək kifayət etmir, həm də real sevgi sərgiləmək lazımdır.

Çünki dünyanı hələ tam dərk etməyən körpələrin bizdən başqa nə istəyi ola bilər? Lakin sevgi heç də "hər şey olar” demək deyil. Lazım gələrsə uşağa "yox” deməyi də bacarmaq lazımdır.

Bəzi valideynlər uşağa “olmaz” sözünü ətraflı şəkildə aşılamadıqlarını etiraf edirlər. Amma onlar bu addımlarını övladlarına olan sevgi ilə əlaqələndirirlər. Hesab edirlər ki, uşağa “yox” deməmək övlada göstərilən sevginin ən yaxşı nümunəsidir.

Mütəxəssislər isə bu addımı yanlış sayırlar və bildirirlər ki, sevgi heç də "hər şey olar” demək deyil. Lazım gələrsə uşağa "yox” deməyi də bacarmaq lazımdır.

Uşaq psixoloqu Leyla Nəzərova Hit.az-a şərhində bildirib ki, uşağa "yox" deməyi də bacarmaq lazımdır. 

Bu sözü işlədərkən nə çox sərt, nə də mülayim olmaq gərəkdir. Öncə nəzərə almaq lazımdır ki, uşaqlar da böyüklər kimi hisslərə, duyğulara sahibdirlər:

“Onlar bəzən səbrsiz, gurultulu və ya tələbkar ola bilərlər. Onların fikrincə, dünyanın mərkəzindədirlər, dünya onların üzərində qurulub. Belə uşaqlardan bir yetkin kimi davranmağı gözləmək onların hisslərinə toxunmaq deməkdir. Uşaqlar gərgin, əsəbi olanda onlara icazə verin ki, hisslərini yaşaya bilsinlər. Arxasınca getməyin, icazə verin ki, tək qalıb əsəbini sakitləşdirə bilsin. Sakitləşəndən sonra özü sizin yanınıza gələcək. Uşaqlara onlar əsəbi olanda heç bir zaman şiddət göstərməyin, onları döyməyin. Əksinə, hirsli uşağa sarılmaqla onu sakitləşdirə bilərsiniz".

Psixoloqun fikrincə, uşaqların əsəbi davranışlarının arxasında mütləq bir ehtiyac durur. Bəlkə hansısa bir sözünüz, davranışınız və ya evinizdə olan hadisə onu kədərləndirdiyi üçün bu qədər əsəbi davranır. Onları başa düşməyə çalışmaq, anlaya bilmək uşağın aqressiv davranışlarına son qoymağa çalışmaq deməkdir. 

Əgər uşağınız kiçikdirsə və nədən əsəbləşdiyini, etirazını deyə bilmək bacarağına malik deyilsə, özünüz ona yardım göstəməyə çalışın:.

“Uşaqlarımız bizdən inciyə, küsə bilərlər. Ancaq biz onlarla sərt davranmamalıyıq. Çünki uşaq bizimlə formalaşır. Danışığı, düşüncələri, davranışlarını biz formalaşdırırıq. Hər zaman uşağa yanında olduğunuzu hiss etdirməyi bacarmağınız lazımdır. Uşağa əmr etməyin, ona seçmək haqqı buraxın. Uşağa hansısa işi gördürmək istəyəndə çalışın, mülayim dillə danışın. Əgər həddən artıq əsəbiləşmisinizsə, çalışın ki, uşağın olduğu mühitdən uzaq durasınız. Uşaq sizi başa düşmürsə, ona "yox" deməyi bacarın".

Sevinc

0