Gənclər niyə gec evlənir?

SOSİAL
22:06 / 14.12.2023
852

İlbəil boşanmaların sayı artır. Əsaslı və ya əsassız, insanlar boşanmağa yüzlərlə səbəb tapır. Bunun qarşılığında evlənmək istəyənlərin sayı azalır və evlilik yaşı da artır.

İnsanları ailə həyatı qurmaqdan çəkindirən nüanslar hansılardır? Əsas səbəb nədir?

Psixoloq Könül İsmayılova Hit.az-a şərhində bildirib ki,  bu gün mövcud problemlərdən əlavə, gənclər özləri də öz işlərini çətinə salır:

“Ailə qurmaq çətin deyil. Çətin olan bu ailəni maddi və mənəvi təmin etməkdir. Bunun üçün ev şəraiti və müəyyən mənada stabil gəlirli işin olmalıdır. Əvvəlki dövrlərdən fərqli olaraq, bu gün gənclər özləri də bir sıra problem yaradacaq seçimlər edirlər. Məsələn, bu gün xanımlarımızın böyük əksəriyyəti ali təhsilli və kariyera həvəsindədir. Bu, gözəldir. Lakin onlar düşünürlər ki, ali təhsil alıb, yaxşı iş yerlərində çalışdıqları üçün mütləq ayrı evləri olmalıdır. Heç olmasa, evin kişisi xanımından daha çox pul qazanmalıdır. Bunu sanki bir dəyər kimi qəbul edirlər. Elə əvvəllər də savadlı xanımlarımızın sayı az olmayıb. Amma bu cür yanaşma olmayıb.

Həmçinin xanımlar qayınana, qayınata ilə yaşamağı problem etmirdilər. Ailələr arasında münasibətlərin özü də əvvəllər çox başqa idi. Bu səbəbdən də, indi ailə qurmaq istəyən gənclər çətinlik çəkirlər”.

Psixoloq onu da əlavə edib ki, gəncləri qorxudan səbəblərdən biri isə kütləvi informasiya vasitələrində oxuduğumuz xəyanətə dair xəbərlərdir:

“Tez-tez evli xanımların başqa kişilərə qoşulub qaçdığına, kişilərin ailəsini və övladını atıb getdiyinə dair xəbərlər oxuyuruq. Sosial şəbəkələrdən aktiv istifadə edən gənclik bütün bunları oxuyur və şüuraltı bir qorxu yaranır. Bu gənclər arasında bir-birinə inamsızlıq yaradır. Hər iki tərəfin ağlında “görəsən, o mənə sadiq həyat yoldaşı ola bilər ya yox?” sualı yaranır. Əlbəttə ki, bu insanları evlilik haqqında fikirlərini ikinci plana salır. Onlar da məcbur olub, zamanlarını öz işlərinə, kariyeralarına ayırırlar. Nə erkən, nə də gec ailə həyatı qurmaq yaxşıdır. Qızlar üçün 24-26 yaş ən ideal yaş hesab olunur. Bəylər isə 28 yaşa qədər evlilik qərarını dəqiqləşdirəsələr ,yaxş olar”.

Sevinc

0