Erkən evliliyin problemləri

SOSİAL
21:02 / 26.12.2023
727

Azərbaycanda evlilik yaşı 18 olmasına baxmayaraq, nəinki 17 yaşlı qızlar, hətta bəzən 15-16 yaşlı qızların da ailə qurduğunun şahidi oluruq. 

Maraqlıdır, qızların erkən yaşda evliliyə maraq göstərməsinə səbəb nədir? 

Onlar psixoloji cəhətdən evliliyə hazır hesab olunurmu?

Psixoloq Aynur Əliyeva Hit.az-a açıqlamasında  bildirib ki, ailə quran zaman hər bir xanım, hər bir bəy həm psixoloji, həm də fizioloji olaraq ,ailə qurmağa hazır olmalıdırlar:

 “Xüsusən xanımlar həm fizioloji, həm də psixoloji baxımdan da hazır olmalıdırlar. Çünki 17 yaşdan daha erkən ailə quran zaman onlar nə düşünürlər? 17 yaşında bir gənc qız düşüncə olaraq təbii ki, onun üçün maraqlı olan ağ gəlinlik geyinəcəm, fatam olacaq, toyum olacaq, rəfiqələrim gələcək, deyib-güləcəyik, əylənəcəyik, oynayacağıq və sairədir. Yəni toyunu, ailə qurmağı bir əyləncə kimi görür. Amma ailə quran zaman hər bir insanın bir məqsədi olmalıdır. Bir amalı olmalıdır ki, mən ailə qururam, mənim ailəm sağlam olmalıdır. Gələcək üçün sağlam övladlar yetişdirməliyəm və bunun üçün özüm psixoloji olaraq sağlam olmalıyam. Ailədə sabah baş verəcək xırda bir nüansları idarə etməyi bacarmalıyam. Çox təəssüflər olsun ki, günü bu gün erkən yaşda ailə quran qızlarımız çoxdur. Çox təəssüf hissi ilə bunu qeyd edirəm. Ümumiyyətlə, mənim hər zaman bir deyimim var: Bir xanım ailə qurmağa tələsməməlidir. Səbəb nə göstərirəm. Hər bir xanım ilk öncə təhsilini almalıdır. Birmənalı şəkildə təhsil olmalıdır. Fərq etməz hansı ixtisas olur, hansı təhsil olur. Yəni əlində bir diplomu olmalıdır və ikinci, bu diplomla ən azından xanım bir il işləməlidir. Yəni universiteti oxusun, bitirsin və sonra bir il çalışsın. Ən azından bilsin ki, əlində diplomu, işi var. Çünki biz həyatda heç zaman sığortalanmamışıq ki, bu günləri biz ailə qurduq, şükürlər olsun ki, ailə qurduğumuz bəyin maddi, mənəvi, hərtərəfli durumu yerindədir”.

Sevinc

0