Uşaqlar Şaxta babaya inanmalıdırmı?

SOSİAL
19:40 / 29.12.2023
690

Uşaqların çoxu Yeni il ərəfəsində Şaxta babanın ona istədiyi hədiyyəni gətirəcəyini gözləyirlər. 

Hətta bəzi uşaqlar həvəslə Şaxta babaya məktub yazıb, ondan arzuladığı hədiyyəni gətirməsini istəyir.

Bəs əslində uşaqlar Şaxta babaya inanmalıdırlarmı?

Onlara nə zaman həqiqəti demək lazımdır?

Psixoloq Könül İsmayılova Hit.az-a şərhində bildirib ki, uşaqları nağıl dünyasından ayırmaq olmaz. Bu, onların vaxtından tez böyüməsinə səbəb olur: 

"Balaca uşağa Şaxta baba yoxdur, bunlar boş-boş şeylərdir demək düzgün deyil. Bu şəkildə uşaqları yaşından tez qocaltmağın mənası yoxdur. Belə olanda uşaqlar daha çox yüklü olur, problemlərlə yüklənir. Düşünür ki, atamın pulu yoxdur, filan şeyi istəməyim. Uşaqları çox yükləyirlər və onlar da vaxtından tez yükləndiyi üçün nevrozlar, problemlər, qorxu halları ilə üzləşirlər. Uşaqların bir az əylənməsinə, onların uşaq dünyasına da dəyər vermək lazımdır. Uşaqları həvəsləndirin, yaxşı davranışlar aşılayan Şaxta baba mesajı verin. Çünki inanclar həm də bizim dini təməllərimizi formalaşdırır. Mütləq uşaqları nəyəsə inandırmalıyıq. Ümumiyyətlə, insan nəyəsə inanmaq ehtiyacı duyur. Uşaqda da bu kimi inancları formalaşdırmaq vacibdir və uşaqların dünyasını yıxmaq olmaz".

Sevinc

0