Erkən yaşda nişanın qarşısı alına bilərmi?

SOSİAL
21:07 / 29.12.2023
982

Sabirabad rayonunda 12 yaşlı qızın nişanlanması müzakirələrə səbəb olub.

Müvafiq görüntülər “Təsir dairəsi” verilişində yayımlanıb.

Sabirabadın Məmişli kəndində ailələrin razılığı ilə 12 yaşlı qızla 32 yaşlı kişi nişanlanıb.

Cütlük arasında 20 yaş fərqinin olması, qızın hələ yeniyetmə çağına yeni daxil olması kəskin reaksiyalara səbəb olub. 

Qanunvericilikdə yetkinlik yaşına çatmayanların evləndirilməsi qadağandır. 

Bəs yetkinlik yaşına çatmayanların nişanlandırılması ilə bağlı qanunvericilikdə hər hansı qadağa varmı?

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında qeyd edib ki, erkən evliliklə mübarizədə tətbiq olunan inzibati cəza tədbirlərinə əməl edilməməsi problemin həllinə mane olur:

“Erkən nikah aşkarlandıqdan sonra hüquq-mühafizə orqanları tərəfindən məlum quruma çağırılan valideynlərə qarşı heç bir həbs və ya cəza tədbirləri görülmür. Sadəcə müəyyən məbləğli cərimə ilə məsələ bağlanır. Bu hal dəfələrlə yaşanıb. Ona görə də erkən evliliklə bağlı hadisə yaşananda insanlar narahat olmurlar. Çünki , son nəticə olaraq hansısa cəza tədbiri görülmür. Erkən evliliyin qarşısını almaq üçün görülən tədbirlərdən biri də məcburi evliliyə yol açan şəxslərin 2 ildən 4 ilə qədər həbs olunmasıdır. Belə olarsa, heç bir ata, ana məktəb yaşlı qızını nə nişanlayar, nə də ərə verər”.

"Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Hit.az-a bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyində boşluq var:

"Qanunvericilikdə erkən nikahın qarşısının alınması məsələsi olsa da, erkən nişan məsələsi yoxdur. Erkən nişanın isə erkən nikahdan heç də fərqi yoxdur. Nişan adı ilə həmin qızlara qarşı seksual hərəkətlər törədilir. Çünki qızlar nişanlı olduğu bəylərlə görüşürlər, ünsiyyətdə olurlar, kim zəmanət verə bilər ki, orada təcavüz faktı olmayacaq?".

Sevinc

 

0