Bəzi atalar boşanma zamanı sadəcə, həyat yoldaşlarından deyil, doğma övladlarından da sanki “ayrılır”, bütün öhdəliklərini, məsuliyyətlərini unudurlar. Bu zaman tərəflər arasında ziddiyyətlər, çəkişmələr, qarşılıqlı ittihamlar başlayır.
Boşanma faktı ilə üz-üzə qalan ailələrdə aliment problemləri yaşanır. Bir çox hallarda aliment ödəməli olan tərəf cürbəcür bəhanələrlə ödənişi həyata keçirmək istəmir. Bunun üçün obyektiv və subyektiv səbəblər tapırlar. Bu məsələdə ziyan çəkən tərəf isə uşaqlar olur.
Ölkəmizdə Aliment Fondunun yaradılması məsələsi yenidən gündəmə gəlib.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində bildirib ki, aliment ödəməyən şəxslərə qarşı sərt cəzaların tətbiqi problemin həlli yolu deyildir:
“Aliment Fondunun yaradılmasında məqsəd uşağın yetkinlik yaşına çatanadək maddi saxlanılması üçün məhkəmələr tərəfindən təyin edilən alimentin borclu tərəfindən könüllü şəkildə ödənilmədiyi halda, həmin vəsaitin müvafiq aliment fondunun hesabına ödənilməsidir. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu fond məsuliyyətsiz valideynləri daha da düşüncəsiz edə bilər. yəni, o insan düşünəcək ki, alimenti dövlət ödəyir. O da öz kefində olacaq. Bu məsələ ilə bağlı sistem elə qurulmalıdır ki, nə dövlət yüklənsin, nə də valideyn məsuliyyətini unutmasın”.
Sevinc