Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əks olunan proqnozlara görə, ölkə əhalisinin 2045-2050-ci illər arasında azalmağa başlayacağı və eyni tendensiyanın Bakı şəhərində də müşahidə olunacağı gözlənilir.
Paytaxtın əhali proqnozunun çox yüksək həddə verilməsi planlaşdırmanın qeyri-real dərəcədə yüksək tələbatlara uyğun aparılması riskini daşıyır.
Aparılmış təhlillərə görə, 2040-cı ildə şəhər əhalisinin 2,88 – 3,17 milyon nəfər arasında dəyişəcəyi müəyyən edilib.
Əhalinin sayının azalması nə ilə bağlıdır?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan sosioloq Üzeyir Şəfiyev, əhalinin təbii artımının əslində qlobal tendensiya olduğunu söyləyib:
“Son 15-20 ildə Avropa ölkələrində əhalinin sürətli qocalması müşahidə olunur. Əgər ahılların sayının ümumi əhali sayına nisbəti 7-8 faizi keçərsə, deməli, əhalinin qocalma prosesi gedir. Buna görə də həmin ölkələr III və IV dərəcəli ölkələrindən əmək miqrantları cəlb etməyə başlayıblar”.
Son illər ölkəmizdə də ailə planlaşmasında ciddi dəyişikliklərin baş verdiyini deyən ekspert, əvvəllər çoxuşağlı ailə institutlarına üstünlük verildiyini xatırladıb:
“Əgər həm keçmiş SSRİ dövrünə qədər, həm də ondan sonrakı dövrlərdə Azərbaycan ailələrinin tərkibinə baxsaq, çoxuşaqlı ailələrə böyük üstünlük verildiyini görərik. Əsasən də sovet dövründə belə ailələrin təşviqatı aparılırdı. II Dünya Müharibəsindən sonrakı dövrdə itkilərin yerini doldurmaq üçün demokrafik siyasət həyata keçirilir və stimullaşdırılma aparılırdı. Hətta “Qəhraman ana” adı təsis olunaraq, çoxuşaqlı analara təqdim edilirdi. Ancaq SSRİ dağıldıqdan sonra qlobal miqyasda əhalinin artım sayında azalmalar baş verdi”.
Müsahibimiz vurğulayıb ki, artıq “çoxuşaqlı ailə” məfhumu tarixə qovuşmaq üzrədir:
“İndi bir ailədə ən yaxşı halda 3 uşaq olur ki, bu da əsasən bölgələrə aid edilir. Bakı şəhərində isə 1 və ya 2 uşağa üstünlük verilir. “Sosial xidmətlər haqqında” Dövlət Proqramında da, son 22 ildə ahılların sayı əhalinin ümumi sayı ilə müqayisə olunub. Vurğulanıb ki, bu dövrdə cəmi 26,4 faiz artım müşahidə olunub. Bu da ölkədə 22 il əvvəl başlayan və hələ də davam edən ləngimə prosesinin, eləcə də yeni doğulan uşaqların sayındakı azalmanın bir göstəricisidir”.
Sosioloq, bir neçə ildir ki, birinci sinifə qəbul olunan uşaqların və gənclərin sayının azaldığını diqqətə çatdırbı:
“Əgər 10 il əvvəl gənclərin sayı ümumi əhali sayının təxminən 30-32 faizini təşkil edirdisə, indi bu göstərici 20-22 faizdir. Hazırda ölkədə bəzi proqnozlaşdırmalar aparılır. Belə ki, əgər stimullaşdırıcı demokrafik siyasət düzgün aparılarsa, təbii artımda müəyyən nəticələr əldə ediləcək. Əks halda isə azalma daha da sürətlənəcək”.
Üzeyir Şəfiyev düşünür ki, paytaxtda gözlənilən əhali azalmasının bir səbəbi də keçmiş köçkünlər öz yurdlarına geri qaydışı ilə bağlı olacaq:
“Əgər regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlar ardıcıl həyata keçirilərsə, bundan başqa, rayonlarda iş və məşğulluq sahələri yaradılarsa, bu da Bakıya axının qarşısını alacaq. Bununla da, Bakıda sıxlıq aradan qaldırılacaq və rahat yaşayış təmin olunacaq. Əgər proqram düzgün işləməsə, əhalinin axını daha artacaq ki, bu da şəhərimizdə əlavə problemlər yaradacaq”.
Ü.Şəfiyev hesab edir ki, əhalinin azalmasının müəyyən fəsadları ortaya çıxacaq:
“Belə ki, ilk növbədə Bakıda çoxlu boş iş yerləri yaranacaq ki, bu da əmək bazarında müəyyən fəsadlara və sui-istifadələrə səbəb olacaq. Məsələn, xaricdən əmək miqrantlarının axını baş verə bilər. Beləliklə də, peşəkar işçilər və sahə adamları özlərinə layiq iş yerləri yarada və ya tapa bilməyəcəklər. Elə bir siyasət həyata keçirilməlidir ki, əhali azaldıqdan sonra bu proseslər başlamasın”.