“Uşaqlarımızı yad musiqilərin təsirindən xilas etməliyik”

SOSİAL
23:10 / 31.01.2024
645

Uşaqlarımızın dinamik yaşam tərzinə daha çox uyğun gəldiyi məlumdur. Onların təfəkkürü o qədər inkişaf edib ki, yeniliklərə nail olmaq istəyirlər. 

Əlbəttə, müasir uşağın zövqünü, düşüncəsini, maraqlarını cəlb etmək üçün onların ruhuna uyğun əsərlər meydana çıxmalıdır. 

Bu gün yeni ruhlu, müasir uşağın dünyagörüşünə uyğun mahnılar yaranırmı?

Musiqiçi Səidə Qasımova Hit.az-a deyib ki, son illər yaranan uşaq mahnılarının mövzusu dövlət müstəqilliyimiz, üçrəngli milli bayrağımız, təbiətimizlə bağlıdır:

“Bir ara yeni uşaq mahnılarının yaranmasında problemlər yaşandı. Müasir bəstəkarlar uşaq mahnıları yazmağa elə də maraq göstərmirdilər. Amma son dövrlər uşaq mahnılarına maraq artıb. Yeni uşaq musiqi kollektivləri yaranıb. Onlar üçün illər əvvəl yaranan mahnılarla yanaşı, müasir mahnılar da tələb olunur. Bu gün uşaq mahnıları yaranmağa başlayıb. Bu mahnıların mövzusu çoxrəngli olmasa da, içində maraqlı musiqilər və sözlər var. Uşaqlar bu mahnıları həvəslə oxuyurlar. İndi bəzən deyirlər ki, Sovet dövründə yaranan mahnılar müasir uşaqların zövqünü təmin etmir. Mən elə deməzdim. O illərdə yaranan yaxşı mahnılar vardı ki, bu gün də dinləmək böyük zövq verir. Bu mahnılar uşaq tərbiyəsinin formalaşmasında müstəsna rol oynayıb. Arzu edirəm ki, müasir mahnılar da bu missiyanı yerinə yetirə bilsinlər. Keçən dövrlərdə yaranan uşaq mahnıları uşaqları formalaşdırırdı. Bilirsiniz, bu gün müasir və keçmiş uşaq mahnılarının təbliğinə çox yer verilməlidir. Bu gün mövcud olan problemlərdən biri məktəblərdə və bağçalarda tədbirlər keçirilərkən əcnəbi mahnılara yer verilməsidir. Müasir uşaq mahnıları tədbirlərin əsas xəttini təşkil etməlidir. Müasir uşaq bəstəkarları ilə görüşlər də keçirilməlidir. Uşaqlarımızı yad musiqilərin təsirindən xilas etməliyik. Uşaqlarımız müasir mahnıları da bilməlidirlər”.

Sevinc

 

0