Qadınlara qarşı zorakılığın azalması üçün nə etməliyik?

SOSİAL
10:19 / 16.02.2024
732

"Qadınlara qarşı zorakılığa qarşı daha sərt cəzalar tətbiq olunmalıdır".

Bu sözləri sosioloq Sənubər Heydərova Hit.az-a açıqlamasında deyib. 

Onun sözlərinə görə, qadına şiddət göstərən kişi buna görə layiqli cəza alacağını bilsə zorakılıq etmədən öncə iki dəfə fikirləşəcək:

"Qadınlara məişət səviyyəsində və ya öz tanıdıqları insanlar tərəfindən zorakılıq ediləndə çox vaxt cərimə tətbiq olunmur. Adətən ilk şikayətlərdə qarşı tərəfin ərizəsi alınır, növbəti dəfə zorakılıq edəcəyi təqdirdə həbs olunacağı ilə bağlı xəbərdarlıq edilir. 

Düşünürəm ki, bir silləyə, göz göyərtməyə və ya burun şişirtməyə görə daha sərt cəza verilməlidir. Çünki qadınlar da ən çox bundan əziyyət çəkirlər. Hətta ictimai şəkildə bilinən bir neçə cəza sistemi tətbiq olunmalıdır. Ondan sonra kişilər zorakılıq etmədən öncə iki dəfə düşünərlər". 

Ekspert söyləyib ki, bəzi kişilər öz həmcinsləri tərəfindən qadına şiddət göstərdiyi üçün dəstəklənirlər:

"Əlbəttə ki, bu da çox təəssüfləndirici bir haldır. Hətta bizim cəmiyyətimizdə "kişi döyər də, sevər də", "kişi öz qadınını döyə bilər" kimi fikirlər səsləndirilir. Yəni belə hallar adətən cəmiyyət tərəfindən neytral qarşılanılır və ya pislənilmir.

Məncə, qadına qarşı zorakılığın tamamilə aradan qalxması üçün cəza sistemi tam oturuşmalıdır. Həmçinin, qadınlar məişətdə kişilərin zorakılığa görə cəzalanmadığını gördükləri üçün daha az şikayətlənirlər. Onlar, kişilərin zorakılığa görə cəzalandığını görsələr, bu məsələnin üzərinə daha çox düşərlər".

Sənubər Heydərova onu da əlavə edib ki, Azərbaycan cəmiyyətində kişini polisə şikayət edən qadına pis baxırlar:

"Çünki cəmiyyətdə "yaxşı qadın öz ərini polisə şikayət etməz", "qadın öz sevgilisini tutdurmaz" kimi düşüncələr mövcuddur. Halbuki, qadın döyüldüyü üçün günahkar deyil. Ona görə də qadınlar ümidsiz olurlar və şikayətə getmirlər. Amma sərt cəza sisteminin tətbiq olunduğunu görsələr və qınanılmasalar qadınlar da şikayətə gedərlər. O zaman isə zorakılığın sayında kifayət qədər azalma olar".

Pərviz

0