"Ölkəmiz inkişaf etdikcə insanlar psixologiya və psixoterapiyaya ehtiyacın yüksək olduğunu anlayırlar".
Bunu tanınmış psixoloq, psixoterapevt Elmir Əkbər Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, inkişaf etmiş ölkələrdə insanlar həftədə bir dəfə psixoloqların və ya həkim psixoterapevtlərin seanslarına gedirlər:
"Bizdə də inkişaf olduğu üçün artıq bunu anlayırlar. Təbii ki, tələb olanda təklif də yaranır. Buna görə də son zamanlarda çox sayda psixologiya mərkəzləri açılıb. Amma inkişaf etmiş ölkələrdən fərqli olaraq bizdəki psixologiya mərkəzlərinin hamısı doğru işləmir".
Onun sözlərinə görə, əksər psixologiya mərkəzləri dələduz və fırıldaqçılar tərəfindən idarə olunur:
"Hansısa "həci" saxladığı qadına psixologiya mərkəzi açıb verir. Həmçinin, hansısa varlı insan öz parabeyin övladının könlünü xoş etmək üçün psixologiya mərkəzi açaraq ona hədiyyə edir.
Nəticədə, həmin mərkəzlərdə necə böyük problemlərin olduğunu görürük. Birində uşağı döyürlər, o birisində işgəncə verirlər. Belə dəhşətli videolar sosial şəbəkələrdə paylaşılıb. Bütün bunlar qeyri-peşəkarlıqdan irəli gəlir. Amma əsl həqiqi psixologiya mərkəzlərinin açılması çox yaxşı olar".
Psixoterapevt diqqətə çatdırıb ki, fırıldaqçılar əvvəllər Türkiyə, Rusiya, Ukrayna kimi ölkələrdən özlərinə saxta diplom və ya sertifikat alırdılar:
"Onlar, Elm və Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi təsdiqləmədən özlərini psixoloq, mütəxəssis adlandırırlar. İndi isə bəziləri heç ona görə də əziyyət çəkmirlər. Sertifikat və ya diplomun nümunəsini internetdən yükləyir və ora fotoşopla öz adlarını yazırlar. Belələrini kifayət qədər çox tanıyırıq. Təəssüf ki, fahişəliklə məşğul olanlar da özlərini psixoloq kimi təqdim edirlər.
Bundan başqa, özlərini həkim psixoterapevt kimi təqdim edənlər isə daha bərbaddır. Adi psixoloq, nevroloq həkim və ya psixiatr özünü yalandan psixoterapevt kimi təqdim edir. Axı psixatr belə psixoterapevt deyil. Düşünürəm ki, müvafiq dövlət strukturları bu işin üstünə düşməlidirlər. Belə fırıldaqçılar cinayət məsuliyyətinə cəlb olunaraq, həbs olunmalıdır".
Pərviz