Erkən nikah intihara yol açır

SOSİAL
22:40 / 26.02.2024
791

XX əsrin əvvəllərinədək qızların zorla erkən yaşda ərə verilməsi Azərbaycanda geniş yayılmış bir hal idi. Qızlar çox zaman 12-13 yaşlarında kəbinli qadın olmaq məcburiyyətində qalırdılar.

Qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi indi Azərbaycanın bir sıra regionlarının acı reallığıdır. Orta məktəbi bitirməyən qızların bəzisi taleyinə boyun əyib 16-17 yaşlarında valideynlərinin onlar üçün seçdiyi namizədlə ailə həyatı qurur. 

Bəziləri isə ailə qurmaq deyil, oxuyub karyera qurmaq üçün valideynlərinin istəyinə etiraz bildirib, özlərində güc tapıb ailələrini tərk edib, xəyallarının arxasınca gedirlər. 

Ancaq elə qızlar da var ki, onlar nə valideynlərinin onlar üçün seçdiyi şəxslə ailə həyatı qurmaq istəyir, nə də özündə güc tapıb onların istəyinə qarşı gedə bilir. Çıxış yolunu isə intiharda görür.

Psixoloq Könül İsmayılova Hit.az-a qeyd edib  ki, qızların erkən yaşda ərə verilməsi problemi daim aktual olub:

“Məktəbyaşlı qızlar gəlinlik paltarı deyil, oxumaq istədiklərini valideynlərinə, doğmalarına dedikdə onlar təzyiqlə qarşılaşırlar. Bu hal hər zaman olub və olacaq da. İradəsi zəif olan yeniyetmə qızlar ərə getmək istəmədikləri üçün həyatlarına son qoyurlar. Qızları intihar edən ailələr sonradan deyirlər ki, guya fərqli səbəbdən intihar edib, ailə zorakılığı olmayıb, uşağın özünün psixologiyasında problem var idi. Min cür bəhanə gətirirlər, amma hamımız yaxşı bilirik ki, qızların məktəbdən uzaqlaşdırılmasının nəticələri çox ağır olur. Sonuncu nümunədə də, gördüyümüz kimi, çox təəssüflər olsun ki, mələk kimi bir qız öz canına qıydı. Əvvəlcə qız evdən qaçıb, bu onun valideynlərinə mesajı olub ki, məni istəmədiyim həyata zorlamayın. Qızın evdən qaçmasına baxmayaraq, valideynləri yenə də nişan etməyə qərar veriblərsə, onun intiharına səbəb olublarsa, cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu, 17 yaşlı uşaqdır, yeniyetmədir. Bu yaşda onun qarşısında mayak olmaq lazımdır, yol göstərmək lazımdır, nəinki harasa sürükləmək”.

Sevinc

0