Dilənçilərin qucağında olan uşaqlar niyə çox yatır?

22:00 / 14.03.2024
642

Zaman-zaman şəhərdə qucağında uşaq olan dilənçi qadınlara rast gəlirik. 

Görürsən ki, uşaq əksər hallarda anasının qucağında mışıl-mışıl yatır.

Əsasən belə qadınlar əhalinin gur yerlərində, gediş-gəlişin sıx olduğu yerlərdə dilənirlər.

İnsanlar görəndə ki, uşaq anasının qucağındadır, bu səbəbdən dilənçiyə pul verməkdə maraqlı olurlar. 
Bir növ, uşağa yazıqları gəldiyindən bunu edirlər.

Fikir versək , görərik ki, bu zaman çox vaxt uşaqlar yatmış vəziyyətdə olurlar. Metro və marşrutlarda, səs-küyün, kütlənin sıx olduğu yerlərdə körpələr bütün günü yatırlar. 

Prinsipcə, normalda uşaq belə yerlərdə fasiləsiz yatmaz. Nə qədər həmin mühitə alışsa belə, ən azından, arada bir oyanmalıdır. Oyanandan sonra bir neçə saat yatmamalıdır. 

Ancaq çox az hallarda görürsən ki, həmin uşaqlar oyaqdırlar. Oyaq olanlar belə, çox halsız vəziyyətdə kənarda baş verənləri izləyirlər. 

Belə iddialar var ki, sözügedən uşaqların bütün günü yatmış vəziyyətdə olması təsadüfi deyil. Belə söz-söhbətlər var ki, bu körpələrə uyuşdurucu həblər verilir.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, həmin uşaqlara yatmaq üçün uyuşdurucu həb verilib-verilmədiyini konkret olaraq demək çətindir. Bunu xüsusi olaraq araşdırmaq lazımdır. Başqa bir tərəfdən, onu da nəzərə almaq lazımdır ki, həmin uşaqların həyat tərzi digər normal uşaqların həyat tərzi kimi deyil: 

“Onlar bütün günü o vəziyyətdə, şəraitdə olduğu üçün, ola bilsin ki, günün çox hissəsini yatırlar. Bu da ola bilər. O üzdən, belə hallar ətraflı yoxlanılmalıdır. Yalnız ondan sonra bir sıra məsələlərə aydınlıq gətirmək olar”.

Sevinc

 

0