Bu gün sonuncu ilaxır çərşənbədir.
Türk mifoloji fikrində, bizim adət-ənənələr sistemində, məişətimizdə xüsusi yeri olan Novruza-Yeni Günə qədərki çərşənbələrin sonuncusu ilaxır çərşənbə bir sıra özəllikləri ilə yadda qalır.
Novruzun yaxınlaşmasını müjdələyən, bizi ona bir addım da yaxınlaşdıran ilaxır çərşənbə xalqımız tərəfindən qeyd edilir.
Bu mərasim bölgələrimizdə çox böyük təntənə ilə keçirilir.
Hit.az xəbər verir ki, ilaxır çərşənbənin özünəməxsus bir neçə xüsusiyyəti var və onlardan biri də süfrəyə yeddi cür nemətin qoyulmasıdır.
Məlumat üçün bildirək ki, İslam öncəsi bu axşam "şin" hərfi ilə başlanan 7 cür nemətlə süfrə bəzədilir.
Bəzi yerlərdə buna "7 ləvin bayramı" da deyilir.
7 cür mer-meyvənin, şirniyyatın süfrəyə düzülməsi səbəbindən bunun adı "7 ləvin"dir.
İndinin özündə də Ordubadda camaat buna ilaxır çərşənbə yox, "7 ləvin bayramı" deyir.
Güney Azərbaycanda, Urmiyə və Təbriz tərəflərdə də bu gün "7 ləvin bayramı" adı ilə tanınmaqdadır.
Əski çağlardan belə bir inam gəlir ki, bu bayramda dünyadan köçənlərimizin ruhu ocaq başına gəlir, ona görə də ölən insanın ruhunu şad etmək üçün evdə bişən bişmişdən bir pay da artıq qoyurlar ki, ocaq başına gələn ruh onlardan inciməsin.
Bundan əlavə, çərşənbənin səhərisi evdə saxlanan su qabları boşaldılır və yerinə təzə su doldurulur. Təzə su həyət-bacaya, künc-bucağa səpilir. Bu çərşənbənin səhərisindən etibarən, üzü bayrama gedən günlərdə tam olaraq çillə artıq arxada qalmış olur.
Sevinc