Hər iki valideyni işləyən uşaqların “uşaqlığı”...

SOSİAL
20:32 / 01.04.2024
490

Valideynlərin hər ikisinin işləməsi onları maddi cəhətdən rahat etsə də, bəzi problemlər də gətirir.

İş saatlarının sıxlığı səbəbindən övladlarına vaxt ayıra bilmədiklərini, övladlarına baxa bilmədiklərini düşünən valideynlər qeyri-adekvatlıq, günahkarlıq, apatiya kimi güclü emosiyalar yaşayırlar.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, valideynlərin hər ikisinin işləməsi onları maddi cəhətdən rahat etsə də, bəzi problemlər də gətirir. Stressli və yorucu iş saatlarından sonra valideynlərin uşaqları ilə ünsiyyəti pozulur, işdə yaşanan stress ev həyatına da yansıyır:

“İş saatlarının sıxlığı səbəbindən övladlarına vaxt ayıra bilmədiklərini, övladlarına baxa bilmədiklərini düşünən valideynlər qeyri-adekvatlıq, günahkarlıq, apatiya kimi güclü emosiyalar yaşayırlar. Bu sıx günahkarlıq hissi səbəbindən valideynlər övladlarını işdən evə gələndə ərköyünləşdirməyə meyillidirlər. Halbuki valideyndən gözlənilən ən mühüm şey övladına diqqət və sevgi göstərmək, övladının “mən dəyərliyəm”, “mən təhlükəsizəm”, “xoşbəxtəm” hissini yaşamasına şərait yaratmaqdır. Uşaqlar varlıqları haqqında rəy istəyirlər. Ailədaxili qarşılıqlı əlaqə uşağın bu ehtiyacını ödəyə bilməlidir. Uşaq da özünü təhlükəsiz hiss etməlidir və valideynlərinin yanında olmalıdır. Bütün bunlara nail olmaq üçün 24 saata ehtiyac yoxdur. Önəmli olan ananın övladı ilə keçirdiyi vaxtın keyfiyyəti, onunla qurduğu ünsiyyət növüdür”.

Psixoloq onu bildirib ki, hazırkı dövrdə əksər valideynləri ancaq uşağın maddi cəhətdən yaxşı təmin olunması düşündürür: “Bəzi valideynlər övladına yaxşı təhsil vermək, bahalı maşın almaq üçün daha çox pul qazanmağa çalışırlar. Yəni, ata-ananı övladın daxili aləmi elə də maraqlandırmır. Gəlin görək, nə qədər valideyn var ki, övladının psixoloji sağlamlığı barədə düşünür? Çox az ailələri göstərmək olar ki, uşağı psixoloqa göstərir, onun mənəvi aləmini öyrənməyə çalışır. Digər bir tərəfdən uşaqların yaşı artdıqca valideynlərin basqısı da artır. Məsələn, valideynlərin övladlarının ailə qurmaq, sənət, peşə seçimi ilə bağlı qərarlarına qarşı çıxmaları da son zamanlar xeyli aktuallaşıb. Əlbəttə, hər bir valideyn övladının xoşbəxt olmasını istər. Amma valideynlər heç də həmişə düzgün qərarlar çıxarmırlar”.

Sevinc

0