İşçinin maaşı gecikdiyi üçün ona əlavə vəsait ödənilməlidirmi? 

SOSİAL
19:14 / 10.04.2024
663

Bildiyimiz kimi, işçi və işəgötürən arasında əmək müqaviləsi bağlanır. Fərdi qaydada bağlanan müqavilə əsasında işçiyə ayda bir dəfədən az olmayan müddətdə əməkhaqqı verilir.

Lakin işçiyə ödənilən əməkhaqqının bir neçə gün və ya daha çox gecikməsi hallarına rast gəlinir.

Bəs işçinin maaşı gecikdiyi üçün ona əlavə vəsait ödənilirmi və bu necə hesablanır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib ki, hər gün üçün işçiyə əməkhaqqının ən azı bir faizi ödənməlidir:
 
“Əgər işə götürənin günahına görə əməkhaqqı gecikirsə və bu hal fərdi əmək mübahisəsi yaratmırsa, hər gecikmiş günə görə əməkhaqqının azı 1 faizi əlavə ödənməlidir”.

O qeyd edib ki, bu hal əmək mübahisəsi yaratdıqda da işçiyə müəyyən edilmiş məbləğ ödənməlidir. 

“Mübahisə yarananda işəgötürən o faizi ödəmir. Ötən il Konstitusiya Məhkəməsinin qərarı oldu ki, hər gecikmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizinin ödənilməsi müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil olunsun. Yəni məhkəmə hər gecikən gün üçün əməkhaqqının ən azı bir faizini müəyyən edə bilər. Təcrübə göstərir ki, çox vaxt işəgötürən bununla razılaşmır, ödəmir, iş əksər hallarda məhkəməyə gedib çıxmır. Belə şikayətlər tez-tez, adətən, işçi işdən çıxanda olur. İşləyə-işləyə mübahisəyə başlayanda işçi sonra təqib olunur”.

0