"Ailə institutu yenilənməyə məhkumdur" - Hüquqşünas

SOSİAL
14:14 / 24.04.2024
1016

"Əslində boşanmaların sayında ciddi artım yoxdur".

Bu sözləri hüquqşünas Mehman Muradlı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, əhalinin sayı artığı üçün boşanma göstəricisi artıb:

"Əvvəllər Azərbaycan əhalisi 7 milyon idi, indi isə 10 milyondan çoxdur. Yəni say etibarı ilə götürəndə boşanmalarda artım var. Lakin faiz etibarı ilə götürəndə deyilən dərəcədə böyük bir artım olmadığını görürük. 

Ümumiyyətlə, boşanmanı faciə səviyyəsinə gətirmək düzgün yanaşma deyil. Boşanmanı normal bir hal kimi qəbul etmək lazımdır. Hətta yola getməyən şəxslərin ayrı yaşamaları daha məqbuldur".

348607

Hüquqşünas qeyd edib ki, boşanmaların əsas səbəbi sosial məsələlərlə bağlıdır:

"Boşanmalarla bağlı bir çox arqument göstərilsə də, bunun kökündə sosial məsələlər dayanır. Sosial məsələ dedikdə buraya maliyyə, evə baxım və hər iki tərəfin bir-birinin fiziki istəklərini ödəməsi kimi nüanslar daxildir. 

Məsələn, kişi işdən yorğun gəldiyi üçün ev işləri ilə məşğul ola bilmir. Qadın isə rəfiqələrində və ya seriallarda gördüyü kimi geyinmək, yaşamaq istəyir. Yəni bəhanələr çoxdur. Əgər bir insanın boşanmaq fikri varsa, o mütləq boşanacaq".

Mehman Muradlı hesab edir ki, ailə institutu yenilənməlidir:

"Ailə institutu min illərdən bəri gələn məsələdir. Ona görə də artıq yenilənməyə məhkumdur. Düşünürəm ki, ailə institutu mütləq şəkildə yenilənməyə məruz qalmalıdır. Bu proses də özünün pik nöqtəsinə çatacaq və düzələcək. Yəni bu və ya digər şəkildə yenilənmə prosesi baş verəcək". 

Pərviz

0